AZ

Bizi bağışla, Nəriman!

BAKI, 10 fevral. TELEQRAF

O zamanlar Tofiq İsmayılov adına Suraxanı stadionda oynayan “Qarabağ”la indi Tofiq Bəhramov adına Respublika stadionda Çempionlar Liqası matçlarını keçirən “Qarabağ” arasında böyük fərq var. Bir vaxtlar Əfran İsmayılov, Rauf Əliyev kimi futbolçuları 300-400 minə görə komandada saxlaya bilməyən Ağdam klubundan indi azarkeşlər milyonluq transferlər istəyirlər.

Normaldır. Hədəflər böyüyüb, məqsədə çatmaq üçün heyət daha da gücləndirilməlidir. Azarkeş özünə görə hər zaman haqlıdır, stadiona gəlirsə, evə suyu süzülmüş vəziyyətdə qayıtmaq istəmir. Fərqi yoxdur, bu, avrokubok matçına görə stadiona gələn azarkeşdir, yoxsa hər matçda özünə tribunanı məskən seçən fanat…

Təbii ki, bu qələbə ruhunu aşılayan da, hamını qələbəyə inandıran da “Qarabağ”ın özüdür, birbaşa Qurban Qurbanovdur.

Hər dəfə “Rəqibin gücünü bilirik, amma əlimizdən gələni edəcəyik” deyə-deyə gəlib çıxıblar Çempionlar Liqasının pley-offuna… Haradan baxsan, bir Azərbaycan klubu üçün fantastikadır, inanılmazdır. Qurbanov hər nə qədər belə şeylərə inanmasa da, möcüzədir.

İndi Nəriman Axunzadənin belə bir komandada boy göstərə bilməməsi başadüşüləndir. 21 yaşlı futbolçu Azərbaycan Premyer Liqası səviyyəsində kifayət qədər istedadlıdır. “Qarabağ” əgər ÇL-in yox, Konfrans Liqasının qrupuna düşmək uğrunda mübarizə aparacaq səviyyədə olsaydı, Nəriman bu komandanın baş tacı sayılacaqdı. Amma qitənin ən ali yarışında qarşına Van Dayk çıxırsa, bu, heç onun da günahın deyil.

Bu, Qurbanovun bizlərə - Azərbaycana savabıdır… Ki, məhdud büdcə ilə “Liverpul”la ÇL-də qarşılacaq bir komanda yaradıb, sırada “Nyukasl”la oyundur…

İndi “Qarabağ” elə bir səviyyədədir ki, bu klub üçün Avropa Liqasının qrupuna düşmək də uğur sayılmır. Çox yox, cəmi bircə il Allah eləməmiş, Ağdam klubu avrokuboklarda mübarizəni erkən dayandırsa, gör, Qurban Qurbanovun özünə nə qədər ciddi təzyiqlər olacaq. Hətta təcrübəli mütəxəssisi istefaya səsləyənlər də tapılacaq. Hansı ki, bu, daha öncə də baş vermişdi. Və Qurbanovun özü də getmək barədə düşünməyə başlamışdı...

Amma bu bir həqiqətdir ki, bu gün Şamaxı stadionunda əlinə kürək alıb meydançanın qarını təmizləyən Qurban Qurbanov Nəriman üçün də əlindən gələn hər şeyi etdi. Hətta ona görə özünü dilə-dişə də saldı. Amma alınmadı ki, alınmadı.

Futbolçu heç cür özünü toparlaya, təzyiqlərə öz oyunu ilə cavab verə bilmədi. Bu, yəqin ki, onun yaşı və bu yaşa görə irəli gələn psixoloji durumu ilə bağlıdır. Və Qurbanovun da dediyi kimi, özünü yenidən tapması üçün getməsi lazım idi. Edəcək bir şey yoxdur…

İstənilən halda “Qarabağ” bizim olduğu kimi, Nəriman da özümüzünküdür, öz balamızdır, qardaşımızdır. Hər nə qədər toplu şəkildə təzyiq etsək də, bəzən zarafat obyektinə çevirsək də, bu, bizim onu sevmədiyimiz anlamına gəlmir.

Bizi bağışla, Nəriman!

“Qarabağ” çox böyüyüb. İnanırıq ki, sən də böyüyüb daha güclü formada okeanın o tayından Avropaya qayıdacaqsan…

Hər şeyi silib, bütün baş verənləri unudub səni “Braqa” ilə matçın 120+2-ci dəqiqəsində saxlayırıq. O an qol vurmaqla milyonların, Qurban Qurbanovun necə sevinc göz yaşlarına səbəb olmuşdunsa, səni bax, elə də xatırlayacağıq.

İndi isə səni elə sevinc gözyaşları ilə də yola salırıq.

Hələlik, Nəriman! Bizdən Messiyə salam de…

Seçilən
39
7
teleqraf.com

10Mənbələr