Kanadanın Britaniya Kolumbiyası əyalətində bir məktəbə silahlı hücum nəticəsində hücum edən şəxs də daxil olmaqla azı 10 nəfər həyatını itirib. Hadisə zamanı ən azı 25 nəfərin yaralandığı bildirilir.
Editor.az xəbər verir ki, Kanada Kral Atlı Polisi (RCMP)nin məlumatına görə, Britaniya Kolumbiyasının Tumbler Ridc qəsəbəsində yerləşən liseydə 6 nəfərin meyiti aşkarlanıb. Hadisə ilə əlaqəli olduğu ehtimal edilən bir evdə daha 2 nəfərin cəsədi tapılıb. Bundan əlavə, 1 nəfər xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Polisin bildirdiyinə görə, daha azı 2 nəfər ağır və ya həyati təhlükə yaradan xəsarətlərlə xəstəxanaya yerləşdirilib, ümumilikdə isə təxminən 25 nəfər müxtəlif dərəcəli xəsarətlər səbəbindən tibbi yardım alıb.
Hüquq-mühafizə orqanları şübhəli hücumçunun özünə yetirdiyi xəsarət nəticəsində öldüyünü, hazırda isə başqa şübhəli şəxsin və ya ictimai təhlükəsizlik üçün davam edən hər hansı təhdidin olmadığını açıqlayıb.
Polis hücum edən şəxsin qadın olduğunu təsdiqləyib. Aktiv silahlı hücumla bağlı yayımlanan ilkin xəbərdarlıqda şübhəli şəxs “qəhvəyi saçlı, paltarlı bir qadın” kimi təsvir edilib.
Polis rəisi Ken Floyd daha sonra keçirdiyi mətbuat konfransında xəbərdarlıqda təsvir olunan şəxsin məktəbdə ölü tapılan qadınla eyni şəxs olduğunu təsdiqləyib. Polis həlak olanlar arasında azyaşlıların olub-olmaması ilə bağlı hələlik məlumat verməyib.
//Gülnarə Abasova, Editor.az