"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki mühüm hadisə ilə yadda qaldı. Bunlardan biri səfərin özünün baş tutması, digəri isə səfər çərçivəsində Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Haqqında Xartiyanın imzalanması oldu".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfərindən danışarkən bildirdi.
Onun sözlərinə görə, Vensin açıqlamasından aydın oldu ki, bu, sadəcə dövlətlərarası münasibətlər kontekstində formalaşan ABŞ-Azərbaycan əlaqələri deyil:
"ABŞ-Azərbaycan münasibətlərinin bu səviyyəyə çatmasında iki mühüm liderin səyləri, cəsarəti və dünya siyasətinə genişmiqyaslı baxışı xüsusi rol oynayıb. Vens məhz bu kontekstdə bildirdi ki, Tramp və İlham Əliyev həm İsraillə, həm də türklərlə yaxşı münasibətləri olan iki liderdir. Bu ifadə ilə Vens əslində Donald Tramp və İlham Əliyevin liderlik keyfiyyətlərinə diqqət çəkirdi".

Millət vəkili əlavə etdi ki, o, dünya siyasətinin ortaq məqamlarının müəyyənləşdirilməsi baxımından Azərbaycan Prezidentinin regionda, Donald Trampın isə qlobal siyasətdə oynadığı rolu vurğulayırdı.
"Mənim fikrimcə, hazırkı mərhələdə praqmatik, XXI əsr vizionu və perspektivindən çıxış edən siyasətçi obrazı axtarırıqsa, doğrudan da Vensin qeyd etdiyi kimi, belə bir lider ziddiyyətli qütblər arasında ortaq təmas nöqtələri tapa biləcək qədər səriştəli, siyasi peşəkar və uzaqgörən olmalıdır. Bu kontekstdə İsrail-Türkiyə münasibətləri prizmasından ortaya çıxan reallıq ondan ibarətdir ki, dünyada hər iki ölkə ilə dost münasibətlərə malik iki lider var. Bunlardan biri Donald Tramp, digəri isə İlham Əliyevdir", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.
Xədicə BAXIŞLI