AZ

İnvestorların nəzərinə -

Son aylarda kriptovalyuta bazarında müşahidə olunan kəskin dalğalanmalar və qiymət enişləri investorları ciddi şəkildə narahat edir. Bazarda qeyri-müəyyənliyin artması risklərin böyüdüyü ilə bağlı sualları daha da aktuallaşdırıb. Bəs bu halda investorlar nə etməlidir?“Crypto Consulting MMC”nin direktoru, “kriptoinvest.az” portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Metbuat.az -a açıqlamasında investorlar üçün dəyərləndirmə aparıb. Uzunmüddətli investorlar (6 ay - 3 il və daha çox) üçün ekspert qeyd edib ki, bitkoin tarixən 10–30 % arası korreksiyalar yaşayıb və bu, bazarın struktur xüsusiyyətidir: “Əgər portfel diversifikasiya olunubsa və investisiya kapitalı qısamüddətli ehtiyac üçün nəzərdə tutulmayıbsa, panik satış rasional deyil. Fundamental baxımdan şəbəkə aktivliyi, institusional iştirak və ETF infrastrukturu hələ də qalır. Qısamüddətli investorlar və treyderlər (3 aya qədər) üçün isə bazar hazırda yüksək volatillik mərhələsindədir. 65 000 dollar səviyyəsi texniki baxımdan kritik dəstəkdir. Bu səviyyə qırılarsa, satış təzyiqi sürətlənə bilər. Borc kapital ilə investisiya etmək tövsiyyə edilmir”.E.Quliyev hazırda kriptopul almağı düşünənlər üçün tövsiyə edib ki, bu mərhələdə bazara “tam məbləğlə birdəfəlik giriş” risklidir. Kapitalı hissələrə bölərək mərhələli alış etmək olar. Bazar kapitalizasiyası yüksək olan aktivlərdən orta alış qiymətini optimallaşdırmaq mümkündür: “Satış qərarı isə adətən iki səbəbdən verilir - likvidlik ehtiyacı və riskin azaldılması. Əgər investorun kapitalı kredit və ya borc vəsaitidirsə, risk azaltmaq daha məntiqli ola bilər. Lakin sadəcə qorxuya əsaslanan satışlar uzunmüddətli perspektivdə zərər yarada bilər. Kriptovalyuta bazarında ən çox itki edənlər panikada satanlar və rəqəmsal aktivi zirvədə (ən yüksək qiymətdə) emosional alış edənlərdir”. Kriptovalyuta məsələləri üzrə mütəxəssis qeyd edib ki, əsas məsələ investorun strategiyasının olub-olmamasıdır: “Strategiyası olan investor gözləyir və planla hərəkət edir. Strategiyası olmayan investor isə bazarın emosional dalğasında qərar verir. Hesab edirəm ki, kriptovalyuta bazarında hazırkı eniş hələlik struktur kollaps deyil, korreksiya mərhələsi kimi görünür. Bitkoin yüksək riskli, lakin uzunmüddətli potensiala malik aktiv olaraq qalmaqdadır. Tövsiyə edirəm ki, investorlar panikaya qapılmasınlar, kapitalın yalnız riskə hazır olan hissəsini yatırsınlar, mərhələli və planlı strategiya tətbiq etsinlər. İnvestorlar yalnız riskə hazır olduqları kapital ilə bazarda iştirak etməli və qərarlarını strateji əsaslarla verməlidirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
111
metbuat.az

1Mənbələr