AZ

Azərbaycan iqlim dəyişmələri və şəhərsalma ilə bağlı qlobal çağırışların həllində etibarlı tərəfdaş kimi tanınır

Bakı, 12 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Ölkəmizdə şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişi var. Bu gün Azərbaycan dünyada iqlim dəyişmələri və şəhərsalma ilə bağlı qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu il BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi məhz Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunun göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma layihələrinin geniş miqyasda həyata keçirildiyini diqqətə çatdıran Yusubova bildirib ki, regionlarda müasir yaşayış məkanları yaradılır. Bu da Prezident İlham Əliyevin memarlıq və şəhərsalma sahəsinə göstərdiyi diqqət və qayğının bariz ifadəsidir: “Şəhərsalma və memarlıq layihələrində şəhər və qəsəbələr üçün Baş planların hazırlanması vacibdir. Yəni yaşayış sahələrinin, sənaye obyektlərinin, parkların harada olacağı nəzərə alınmalıdır. Neçə mərtəbəli binalar tikiləcək, əsas küçələr necə yerləşəcək, binalar arasında sıxlıq, yaşayış və sənaye küçələri, yaşıllıqlar arasındakı məsafə nə qədər olacaq, piyada keçidi harada olacaq və bu kimi digər məsələlər planlar hazırlanarkən diqqətdə saxlanılmalıdır. Ümumiyyətlə, parkların salınması çox vacibdir və bu zaman mütləq şəkildə ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunur. Qısacası, ekoloji aspektlər mütləq şəkildə diqqətdə saxlanılmalıdır”.

Qəmzə Yusubova vurğulayıb ki, memarlıq və şəhərsalma ekologiya ilə çox bağlı sahədir. “Su-kanalizasiya, su, elektrik təchizatı sahəsi, havanın çirklənməsi, tullantıların idarəedilməsi, toplanması, daşınması, yaşıllıqların salınması kimi məsələlər ciddi şəkildə diqqət mərkəzində saxlanılmalıdır. Küçələr çox geniş olmalıdır. Çünki küçələr dar olarsa, burada atmosfer ciddi şəkildə çirklənir. Yəni küçələrin ölçüsü normal olmadıqda tıxaclar yaranır, sürət zəifləyir və atmosferə zəhərli qazlar, tüstü, insan sağlamlığına çox ciddi mənfi təsir göstərən benzopirenlər atılır. Binalar tikilərkən mütləq onların sıxlığı nəzərə alınmalıdır. Elə tikilməlidir ki, atmosferdə hava dövr edə bilsin. Küçələr dar, binalar hündür olduqda atmosferdə ciddi problemlər yaranır. Bakıda küləksiz havalarda atmosferdə ştil yaranır və istilik dalğaları, adaları və stresləri formalaşır ki, bu da insan sağlamlığına ciddi təsir göstərən faktorlardandır. Su-kanalizasiya sistemi çox ciddi nəzarətdə olmalıdır. Çünki su və kanalizasiya xətləri üzərində binalar tikilərsə və yaşayış obyektləri qurularsa, bu da mənfi təsirini göstərəcək. İqlim dəyişmələri prosesinə uyğun olaraq qlobal istiləşmə gedir. Bununla bağlı yağıntıların xarakteri dəyişir, yağıntılar leysanlar şəklində düşür. Bu da yağış və kanalizasiya sularının çəkilməsində nəzərə alınmazsa, yenə ciddi problemlər, subasmalar yaranır. Son dövrlərdə Bakıda yağış yağdıqda ciddi problemlərin yarandığına şahid olduq. Yaşayış binaları salınarkən tullantıların idarəedilməsi də ciddi şəkildə nəzərə alınmalıdır. Məişət tullantıları daşınarkən maşınların rahat hərəkəti həyata keçirilməlidir. Əks təqdirdə ətraf mühitə ciddi ziyan vurula bilər. Yaşıllıq zonalarının salınması da çox vacib məsələdir. İri şəhərlərdə yaşıllıqların olması, insan və nəqliyyat sıxlığını nəzərə alsaq, yaşıllıq zonalarının sahəsinin genişləndirilməlsi vacibdir. Salınan yaşıllıqlar iqlim dəyişmələri, qlobal istiləşmə fonunda çox vacibdir. Belə ki, həmin yaşıllıqlar oksigen çatışmazlığının qarşısını almağa qismən kömək edər. Əminəm ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək layihələr zamanı həmin vacib nüanslar nəzərə alınacaq və görüləcək işlər insanların sağlamlığına, ətraf mühitin qorunmasına bir daha diqqəti artıracaq”, - deyə o vurğulayıb.

Seçilən
45
4
azertag.az

5Mənbələr