AZ

İşləyənlər üçün əlavə pensiya mexanizmi hazırlana bilər – VACİB AÇIQLAMA

“Almaniyada işəgötürənlərin işçilər üçün əlavə pensiya fondlarına vəsait yatırması geniş yayılmış praktikadır və bu, dövlət pensiyasından əlavə təminat mexanizmi kimi fəaliyyət göstərir”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Azərbaycanda isə pensiya sistemi əsasən məcburi dövlət sosial sığortası prinsipi ilə qurulub. İşəgötürən və işçi hər ay əməkhaqqından sosial sığorta haqqı ödəyir və bu vəsait fərdi hesabda toplanaraq gələcək pensiyanın hesablanmasına təsir edir. Yəni müəyyən mənada fərdi uçot sistemi mövcuddur”.

A.Nəsirli qeyd edir ki, bununla yanaşı, ölkədə könüllü və əlavə pensiya yığımı imkanları da nəzərdə tutulub.

“Qanunvericilik əlavə (könüllü) sosial sığorta haqlarının ödənilməsinə icazə verir. Həm fiziki şəxslər, həm də işəgötürənlər işçinin xeyrinə əlavə vəsait köçürə bilərlər.

Lakin bu mexanizm Almaniyadakı kimi geniş tətbiq olunmur və korporativ pensiya fondları sistemi hələ inkişaf mərhələsindədir.

Alternativ olaraq, insanlar bank əmanətləri, investisiya alətləri və ya sığorta şirkətlərinin uzunmüddətli həyat sığortası məhsulları vasitəsilə də gələcək üçün vəsait toplaya bilərlər. Yəni hüquqi imkan mövcuddur, amma Almaniyadakı kimi sistemli və kütləvi korporativ pensiya modeli Azərbaycanda hələ tam formalaşmayıb”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
174
1
konkret.az

2Mənbələr