AZ

Mircavadov: "Neftçi" - "Qarabağ" söhbətini çox şişirdilər..."

style='margin-bottom:10px;'>

“Litva hələ SSRİ dönəmində də yaxşı futbol oynayırdı. Yəni Litva futbol ölkəsidir. Son vaxtlar nədənsə o qədər irəli gedə bilmirlər”. 

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

UEFA Millətlər Liqasının püşkünü dəyərləndirən millimizin sabiq çalışdırıcısı hər iki rəqibin - həm Litva, həm də Lixtenşteunin yığmamıza uyğun olduğunu bildirib. O qeyd edib ki, C Liqasına yüksəlməkdən başqa hədəf olmamalıdır: “Əsas odur ki, hər ikisi – həm Litva, həm də Lixtenşteyn bizə münasib rəqiblərdir. Hazırda məqsədimiz C Liqasına qalxmaqdır. İkinci variant da ola bilməz. 

Əsas millimizin bu oyunlara necə hazırlaşmağıdır. Yaxşı ki, mart ayında Bakıda “FİFA Series” turniri olacaq. Orada millimiz oyunlar keçirəcək ki, bunun da faydası çoxdur. Litva və Lixtenşteynlə mübarizədə məqsəd 1-ci olmaq olmalıdır. Düşünürəm ki, bunu bacara bilərik”.

Təcrübəli mütəxəssis uzun müddət müzakirəsi gedən və sonda təxirə salınan “Neftçi” – “Qarabağ” matçı ilə bağlı da fikirlərini bölüşüb: “Qaydalara baxsaq, bu oyun keçirilməlidir. Amma Azərbaycanda dəfələrlə bu cür hallarda oyunlar təxirə salınıb. Burada qarşılılıqlı hörmətdən söhbət gedir. Hər şeydən əvvəl iki klub bir-biri ilə razılaşmalıdır. Məncə, hörmət naminə təxirəsalma olmalıdır. Amma bu, başqa ölkələrdə edilmir. Yəni İngiltərə, İspaniya və ya İtaliyada. Biz isə hələ onların inkişafına çatmamışıq. Ona görə də klublarımız bir-birinə hörmət etməlidir. “Qarabağ” son 10 ildə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ilk MDB (Müstəqil Dövlətlər Birliyi) ölkəsi təmsilçisidir. Bu cür amillərə də fikir vermək lazımdır. Yəni iki klub arasında danışıq olmalı və razılaşmalı idilər. Amma bu söhbəti çox şişirdilər. Hər yerdə bundan danışıldı. Artıq söhbətlər lazım deyildi. “Qarabağ”ın qrafiki ağırdır. Ona görə də komandaya kömək lazım idi.

Yaddan çıxarmayaq ki, “Qarabağ”ın Çempionlar Liqasındakı uğurları bizim digər klublarımıza da maliyyə cəhətdən təsir edir. Onlara da ödəniş olunur. Bu klublardan biri də “Neftçi”dir. Meydançalarımız bərbad haldadır. Fevral ayında isə lap pis durumda olur. “Qarabağ” Şamaxıda iki oyuna çıxdı. Sabah Qubada “İmişli” ilə oyunları var. Oradakı meydançanın vəziyyəti də çox pisdir. Məndən olsa, həmin oyun da Bakıya salınardı. Çünki “Qarabağ”ın “İmişli” ilə oyundan 4 gün sonra “Nyukasl”la matçı var. Nə dərəcədə vacib bir oyun olduğu da hər kəsə məlumdur. Bizdə meydançaların durumu elə deyil ki, futbolçular istirahət edə bilsin. Avropa ölkələri ilə özümüzü müqayisə edəndə bunu da nəzərə almaq lazımdır”. 

A.Mircavadov “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl“la mübarizəsi haqda da danışıb: “Qarabağ”ın pley-offa çıxması özü Azərbaycan futbolu üçün böyük uğurdur. Bu mərhələyə gələn heç bir komanda zəif ola bilməz. Birinci oyunun Bakıda olması yaxşıdır. Çünki hər hansı yaxşı nəticə komandamızı ümdiləndirə və motivasiyalı edə bilər. Rəqib güclüdür, amma “Qarabağ” mübarizə aparacaq. “Qarabağ”a mütləq vaxt lazım idi. “Liverpul”la oyun da bunu göstərdi”.

Ramiq Ağaməmmədov

Seçilən
12
1
teleqraf.com

2Mənbələr