“Azərbaycan futbolunun flaqmanı adına layiq qərar verdi”. 

Bu sözləri Offsideplus.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, veteran futbolçu Vaqif Sadıqov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi” – “Qarabağ” oyunun təxirə salınmasına münasibət bildirib:

“Neftçi” bu addımı ilə Azərbaycan futbolunun Avropa səhnəsində uğur qazanmasına tərəfdar olduğunu göstərdi. Məncə, bu, tamamilə düzgün addımdır. Bu gün Avropanın mötəbər klub turniri olan UEFA Çempionlar Liqası-nda Azərbaycan futbolunu təmsil edən yeganə komandamız “Qarabağ”dır.

 Hər birimiz komandanın uğurlu çıxış etməsini istəyirik. Baxmayaraq ki, daxili çempionatımızda “Neftçi” ilə “Qarabağ” arasında əzəli rəqabət var, Avropa arenasında çıxış zamanı hansı komandaya azarkeşlik etməyimizdən asılı olmayaraq, hamımız “Qarabağ”ın ətrafında birləşirik. “Neftçi” bu qərarı ilə böyük klub olduğunu bir daha nümayiş etdirdi”.

Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) baş tutacaq matça hazırlaşmaq məqsədilə müvafiq müraciəti ünvanlamışdı. “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında matç təxirə salınıb.