AZ

Asbest şiferlər söküləcək? -

Azərbaycanda insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi sayılan asbest və tərkibində bu maddə olan inşaat materiallarının mülki dövriyyəsi qadağan edilir. 2027-ci il iyulun 1-dən etibarən ölkəyə asbestin idxalı, eləcə də onun istehsalı və satışı tamamilə dayandırılacaq. Lakin hazırda ölkədə çoxsaylı fərdi yaşayış evlərinin dam örtüyündə asbest tərkibli şiferlərdən istifadə olunur. Bazarda alternativ olaraq rəngli şiferlər də var ki, qiymətləri daha bahadır. Bu halda mövcud yaşayış evlərindəki asbestli şiferlər dövlət tərəfindən rəngli şiferlərlə əvəz oluna bilərmi?Memar Cahid Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, əvvəllər standarta uyğun olmayan ucuz materialların arxasınca qaçıb fərdi yaşayış evləri tikənlər indi bu materialların qadağan olunduğunu görürlər və yeni qanunlara əsasən tikililər yeni formatda olmalıdır. Bu isə istər bahalı, istər ucuz variant olsun, müəyyən xərc tələb edir. C.Həsənovun fikrincə, belə hallarda maliyyələşdirmə dövlət tərəfindən həyata keçirilməməlidir: “Bilirsiniz, fərdi yaşayış evləri və binalar tikilərkən bəzən ən təhlükəli yerlərdə — sürüşmə zonalarında, göl kənarlarında, yeraltı suların çox olduğu ərazilərdə tikinti aparılır, lakin kommunikasiya xətləri və infrastruktur nəzərə alınmır. Sonra yağıntı bir az çox olanda və ya iqlim şəraiti ağırlaşanda həmin evləri su basır və bundan sonra dövlət müdaxiləsi tələb olunur. Bu isə düzgün yanaşma deyil. Eləcə də şifer məsələsi bunun ayrılmaz hissəsidir. Tikinti apararkən insanlar bəzən kortəbii şəkildə, sadəcə ucuz olduğu üçün material seçirlər. Halbuki bu cür seçimlər sonradan təhlükə yarada, qəza riskini artıra bilər. Bütün bunları nəzərə alaraq dövlətin müvafiq qurumları standartların tətbiqinə ciddi nəzarət etməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
74
metbuat.az

1Mənbələr