AZ

ABŞ Rusiyanı belə tələyə salacaq: böyük plan işə düşür

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İllər öncə ABŞ-ın əvvəl “beyin mərkəzlərinin” araşdırmalarında, sonra da dövlət qurumlarının sənədlərində “3 dəniz stategiyası” yer alırdı. Məğzi bu idi ki, Rusiya və Çini nəzarətdə və dar çərçivədə saxlamaq üçün Baltik, Qara və Xəzər dənizlərinin, quru və dəniz logistik xəttləri nəzarətə alınmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Real partiyasının sədri Natiq Cəfərli deyib.

O qeyd edib ki, Ukraynanı qismən qurbana çevirməklə Rusiyanı onilliklərə yayılacaq tələyə salan ABŞ, (Avropanın bəzi ölkələri ilə birgə) bu planı addım-addım həyata keçirir:

“Finlandiya və İsveçi NATO üzvü etdikdən sonra Baltik dənizi NATO-nun (oxu – ABŞ-ın) daxili dənizinə çevrildi. Rusiyanın Ukraynaya təcavüzü ABŞ-a Qara dənizdə bu günə qədər edə bilmədiyi sərbəstlik gətirdi və indi Rusiya gəmiləri Qara dənizə burunlarını çıxarda bilmirlər. Kremlin Qara dəniz flotiliyası, demək olar ki, məhv edilib. İndi Türkiyənin köməyi olmadan Rusiya heç ticarət gəmilərini də Qara dənizə çıxara, o sularda üzdürə bilmir. Türkiyə, Bolqarıstan Rumıniya NATO üzvü, Ukrayna ərazisini müdafiə edən NATO müttəfiqi, Gürcüstan Rusiyanın təcüvüzünə uğrayan, qarışıq münasibətləri olan Qara dənizə çıxışı olan ölkələrdir.

Xəzər dənizi daha çətin məsələdir, çünki, faktiki böyük göldür, okeana çıxışı olmadığına görə, burada strategiya fərqlidir – əsas hədəf 5 Xəzəryanı ölkənin üçündə (Azərbaycan, Qazaxıstan və Türkmənistan) formal olaraq NATO-ya üzv olmadan kritik məqamlarda istifadəyə yararlı olancaq sahilyanı və dənizdə aktiv olmağa kömək olacaq infrastrukturun qurulmasıdır. Azərbaycanla Türkiyənin hərbi-strateji ittifaqı, ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığının dərinləşməsi, Qazaxıstan və Türkmənistan ilə səs-küysüz, amma effektiv əməkdaşlıq, ABŞ-ın “3 dəniz” stategiyasının Xəzər ayağının reallaşmasıdır. ABŞ-ın Azərbaycanla kiçik, sürətli və effektiv hərbi gəmilərlə bağlı anlaşması da bu strategiyanın tərkib hissəsidir”.

N.Cəfərli bildirib ki, Rusiya Ukraynaya təcavüz etdikdən sonra 200 ildən artıq bir zaman kəsimində əldə etdiyi üstünlükləri itirir:

“Amma Şimaldan gələ biləcək təhdid və təhlükələr həmişə qalacaq və buna hazır olmaq lazımdır.  Gələk indi Rusiyanın son 4-5 ildə lideri olmağa çalışdığı “Qlobal Cənub” layihəsinə – Kreml Ukraynaya hücum etdikdən sonra Qərblə mübarizə aparan əsas ölkə obrazı yaratmağa çalışdı, bu Çinə də sərf edirdi, rəsmi Pekin Qərblə olan problemlərinin həlli üçün Rusiyadan “qoç başı” kimi istifadə edib, Qərbin qapısını döyürdü. Rusiya isə “Qlobal Cənub” layihəsinə milyardlarla pul ayırır, böyük bir anti-Qərb koalisiyasını yaradacağını düşünürdü. “Qlobal cənub” layihəsinin bir neçə açar dövləti var idi – Suriya, Venesuella, Kuba, İran, Şimali Koreya. Bunlardan başqa, bir neçə dayaq ölkəsi də mövcuddur – Braziliya, CAR (Cənubi Afrika Respublikası), Hindistan. Çini bura aid etmək doğru deyil, Çin qədim ənənələrinə və fəlsəfəsinə uyğun olaraq, ağacın başına çıxıb dava edənlərə kənardan “qaz” verən ağıllı meymunu oynayır, bu vəziyyətdən öz maraqları üçün istifadə edir. Həmin “ağıllı meymun” görür ki, Avropa-Rusiya qarşıdurması hər ikisini zəiflədir, hər ikisinin Çinə ehtiyacı artır, bu vəziyyət ABŞ-la danışıqlarda da Çinə üstünlük gətirir.

ABŞ isə bu layihəni beşikdəcə boğmaqla məşğuldur – Suriya və Venesuella həll olundu, Kuba həll olunmaq üzrədir, İran məsələsi də həll olunub, sadəcə, rəsmiləşməsi zaman alır və daha sancılı proseslərlə müşahidə olunur. Hindistan zatən Qərbdən çox uzaqlaşa bilməzdi, elə də oldu. CAR indi ABŞ-a gündə bir elçi göndərir ki, münasibətləri düzəltsin, Venesuelladan sonra Braziliya da özünə çəki-düzən verdi.

Şimalı Koreya Çinlə anlaşmada həll olunacaq, çox güman, Tayvanla dəyişdiriləcək, amma nə qədər qəribə səslənsə də, Cənubi Koreya məsələnin kökündən həll olunub Şimalla birləşməyə qarşıdır. Bu gün dünyanın 12-ci, bəzi hesablamalara görə isə 13-cü iqtisadiyyatıdır. Şimalla birləşsə, onların yükünü üzərinə götürsə, dünya iqtisadiyyatında 30-35-ci yerə qədər geriləyəcək, beyinləri yuyulmuş Şimali koreyalılar isə onlar üçün siyasi təhdidə çevriləcəklər. Şimali Koreyanın 26 milyon əhalisi var, ac, kasıb, zombiləşmiş əhalini idarə etmək çox ağır məsələdir. Birləşmə olsa, şimallılar “sol” partiya qursalar, hər seçkini udacaqlar. Bunu ABŞ da bilir. Amma zamana yayılmış, Şimali Koreyanın açılması, daxili tranformasiyası ilə bu proses aparılacaq, 20-25 ildən sonra birləşə bilərlər”.

İqtisadçının sözlərinə görə, ABŞ-ın “3 dəniz” stategiyası və “Qlobal Cənubu” beşikdə boğmaq taktikası addım-addım işləyir:

“Bu, Azərbaycan üçün də böyük fürsətlər açır. Kremlin bizə və Ermənistana təzyiq kimi istifadə etdiyi “Qarabağ kartı” bitib, ordumuz tək Azərbaycanın deyil də, Ermənsitanın da suverenliyini bərpa etdi, onlar üçün də daha rahat davranmağa şərait yaratdı.  Rusiyadan addım-addım aralamaq, təsirlərini zəiflətlək çox doğru stategiyadır, bölgəmiz “pro-rusiya” olmaqdan çıxır. Amma çalışmalıyıq ki, aşırı uclara getməyək, yəni, “anti-rusiya” olmaq da lazım deyil”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
globalinfo.az

1Mənbələr