AZ

Britaniyada ən qədim qız uşağının qalıqları tapılıb: Bu niyə vacibdir?

Britaniyanın Kambriya qraflığında yerləşən mağarada arxeoloqlar qadın cinsinə aid ən qədim uşaq qalıqlarını aşkar ediblər. 

HİT.az “Interesting Engineering”ə istinadən ki, tapıntının yaşı təxminən 11 min ildir.

Qız uşağı yerli dialektdə “Ursuik qızı” mənasını verən “Ossick Lass” adlandırılıb. Tədqiqatçıların sözlərinə görə, bu, alimlərin bu qədər qədim bir uşağın yaşını bu dərəcədə dəqiqliklə müəyyən etdiyi və onun məhz qız olduğunu qəti şəkildə təsdiqlədiyi ilk haldır.

Ölüm zamanı uşağın yaşı təxminən 2,5–3,5 il olub. DNT analizinə əsaslanan araşdırmaya istinadən bildirilir ki, bu tapıntı Britaniyanın şimal hissəsində indiyədək aşkar edilmiş ən qədim insan qalıqlarıdır.

Qazıntılar zamanı arxeoloqlar dəfnin tarixini müəyyənləşdirməyə imkan verən bəzək əşyaları da tapıblar. Məlum olub ki, qız uşağı Şimal-Qərbi Avropada yaşı üzrə üçüncü ən qədim mezolit dövrü dəfninə aid ərazidə torpağa tapşırılıb. Bu isə tapıntının son buzlaşma dövrünün başa çatmasından sonra Britaniyada insan mövcudluğunun ən erkən sübutlarından biri olduğunu göstərir.

Son qazıntılar zamanı mağarada uşaq qalıqları ilə yanaşı “Collared Urn” tipli urna, daş alətlər (litik artefaktlar) və dəniz ilbizinin qabığından hazırlanmış beş muncuq da aşkar edilib.

Ümumilikdə mağarada 423 insan sümüyü fraqmenti sənədləşdirilib. Osteoloji analiz ən azı səkkiz fərdin mövcudluğunu göstərir. Radiokarbon tarixləndirmə qalıqların mezolit dövründən erkən neolit və erkən tunc dövrünə qədər olan mərhələni əhatə etdiyini üzə çıxarıb.

Buzlaşma dövrünün sərt iqlim şəraiti səbəbindən İngiltərənin şimalında bu qədər qədim dəfnlər demək olar ki, qorunub saxlanılmayıb. Daha əvvəl regionda məlum olan ən qədim dəfn təxminən 10 min il əvvələ aid edilirdi.

Araşdırma həmçinin mədəni aspektə də diqqət çəkir: insanlar uzun müddət ərzində bu mağarada dəfn olunub və əvvəlki qəbirlərə zərər verməməyə xüsusi diqqət yetirilib. Son buzlaşmadan sonra geniş miqyaslı miqrasiyalara baxmayaraq, dəfn ənənələri minilliklər boyu qorunub saxlanılıb.

Tədqiqat müəllifləri vurğulayırlar ki, “Ossick Lass” tapıntısı holozenin erkən dövrlərində mağaralardan istifadə ilə bağlı təsəvvürləri əhəmiyyətli dərəcədə genişləndirir. Beləliklə, İngiltərənin şimal və qərb bölgələri artıq erkən mezolit, neolit və tunc dövründə insan qalıqlarının və müşayiətedici artefaktların mağaralarda yerləşdirilməsi üzrə daha geniş Avropa ənənəsinin bir hissəsi kimi qiymətləndirilir.

“Cəmi bir neçə il yaşamış, lakin 11 minillik sonra iz buraxmış balaca qızın hekayəsi bir daha göstərir ki, hətta ən kiçik insan belə keçmişə dair anlayışımızı dəyişə bilər”, deyə məqalədə qeyd olunur.

Samir

Seçilən
43
hit.az

1Mənbələr