GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Nikaraqua hakimiyyəti son dövrlər ABŞ-la münasibətlərdə diqqətçəkən addımlar atmağa başlayıb. Vaşinqtondan yayılan məlumatlara görə, ölkə prezidenti Daniel Orteqa anti-amerika ritorikasını yumşaldıb, bir sıra siyasi məhbusları azad edib. Üstəlik, diplomatik əlaqələrin faktiki dayandırılmasından sonra ABŞ paytaxtına müvəqqəti diplomatik nümayəndə göndərib.
Globalinfo.az xəbər verir ki, məlumata görə, ən mühüm qərarlardan biri Nikaraquaya 28 ölkənin vətəndaşları üçün vizasız giriş rejiminin ləğv edilməsi olub.
Bu, uzun müddətdir qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə ABŞ tərəfindən tələb edilirdi. Xüsusilə, kubalı miqrantların Managua üzərindən ABŞ sərhədinə doğru hərəkəti Vaşinqtonda ciddi narahatlıq yaradırdı.
Analitiklər hesab edir ki, hakimiyyətin mövqeyindəki dəyişiklik regionda baş verən hadisələrlə bağlıdır. Yazıda qeyd olunur ki, Venesuela lideri Nikolas Maduro ətrafında yaranan gərginlik Nikaraqua rəhbərliyində panika yaradıb və hakimiyyət ABŞ-ın mümkün təzyiqlərindən ehtiyat etməyə başlayıb. Müstəqil jurnalistlərin fikrincə, bu vəziyyət Orteqanı daha ehtiyatlı diplomatik xətt seçməyə vadar edib.
Nikaraqua uzun illər Latın Amerikasında avtoritar idarəçilik nümunələrindən biri kimi göstərilir. 2018-ci ildə hökumətə qarşı keçirilən etirazların sərt şəkildə yatırılması nəticəsində yüzlərlə insanın həlak olduğu, minlərlə şəxsin isə həbs edildiyi bildirilir. Müxalifət nümayəndələri və beynəlxalq təşkilatlar hakimiyyəti siyasi rəqiblərə qarşı repressiyalarda ittiham edir.
Məqalədə vurğulanır ki, Orteqa hakimiyyətini möhkəmləndirmək üçün həyat yoldaşı Rosario Murillonu ölkənin həmsədri statusuna gətirib və dövlət institutları üzərində nəzarəti gücləndirib. ABŞ isə Nikaraquada konstitusiya dəyişiklikləri və müxalifətin sıxışdırılmasını tənqid edərək ölkədə demokratiyanın zəiflədiyini bəyan edib.
Ekspertlər hesab edir ki, Vaşinqtonun Latın Amerikası siyasətində sərt xəttin güclənməsi fonunda Nikaraqua rəhbərliyi mümkün sanksiya və təzyiqlərin qarşısını almaq üçün diplomatik manevrlərə üstünlük verir. Bununla belə, regionda vəziyyətin necə inkişaf edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.