AZ

London və Kaliforniya Trampı qəzəbləndirib

AzVision.az xəbər verir ki, Donald Tramp “Politico” nəşrinə müsahibəsində britaniyalı siyasətçiləri Kaliforniya ştatının Demokratlar Partiyasından olan qubernatoru Gevin Nyusomla əməkdaşlıqdan çəkinmək barədə xəbərdarlıq edib.

“Böyük Britaniyanın Gevin “Nyuskam”la (“scum” (ing.) – tullantı, əclaf)əlaqə yaratmaqdan başqa da kifayət qədər problemləri var. Gevin luzerdir. Onun toxunduğu hər şey zibilə çevrilir. Onun ştatı cəhənnəmə yuvarlanır, ekoloji sahədə fəaliyyəti isə fəlakətdir”, – Ağ Evin rəhbəri qəzəbini gizlətməyib.

ABŞ prezidenti bildirib ki, Nyusomun bu cür müqavilələr bağlaması “yersizdir”, britaniyalılar üçün isə“onunla iş aparmaq uyğun deyil”.

Xatırladaq ki, Gevin Nyusom Londonda Böyük Britaniyanın energetika naziri Ed Milibendlə anlaşma memorandumu imzalayıb. Sənəd təmiz enerji texnologiyaları, o cümlədən dəniz külək enerjisi sahəsində əməkdaşlığı, Britaniya firmalarının Kaliforniya bazarına çıxışını genişləndirməyi və Atlantik okeanının hər iki sahilindəki tədqiqat institutları arasında qarşılıqlı əlaqənin artırılmasını nəzərdə tutur.

Kaliforniya qubernatoruna yaxın olan şəxslərin fikrincə, Gevin Nyusomun özünü əsas müxalifət fiquru kimi tanıtmaq cəhdləri Trampın qıcıqlanması sayəsində ona dəstək qazandırıb.

– Amma məsələ təkcə bunda deyil. Trampın hərəkətlərinin normadan kənar və anormal olduğuna, bütün Amerikanın baxışlarını əks etdirmədiyinə diqqəti cəlb etmək vacibdir. Trampın hərəkətləri, şübhəsiz ki, Amerika xalqının istədiyi şey deyil”,– Kaliforniya qubernatorunun məsləhətçilərindən biri “Politico” nəşrinə açıqlamasında vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
53
1
azvision.az

2Mənbələr