AZ

Ukrayna qüvvələrinin qısa müddətdə 200 kvadrat kilometrdən çox ərazini geri qaytardığı bildirilir

AFP: Ukrayna son 2,5 ildə döyüş meydanında ən sürətli irəliləyişə nail olub...

Poliqon xəbər verir ki, France Presse Agentliyinin yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri son həftə ərzində döyüş meydanında son iki il yarımın ən sürətli irəliləyişini əldə edib. Bildirilir ki, Ukrayna hərbçiləri Rusiya ordusundan 200 kvadrat kilometrdən çox ərazini azad etməyə nail olublar.

Məlumat Institute for the Study of War (ISW) analitik mərkəzinin hesabatına əsaslanır. Hesabata görə, 11–15 fevral tarixləri arasında Ukrayna qüvvələri ümumilikdə 201 kvadrat kilometr ərazini geri alıb.

AFP-nin məlumatına görə, Ukrayna hərbçiləri hücum zamanı rus qüvvələrinin rabitə imkanlarının zəifləməsindən istifadə ediblər. Xüsusilə bəzi bölmələrdə Starlink terminallarının bloklanmasının koordinasiya və operativ idarəetməyə mənfi təsir göstərdiyi qeyd olunur.

Analitiklərin fikrincə, geri qaytarılan ərazi ölçüsü Rusiyanın ötən ilin dekabr ayı ərzində əldə etdiyi irəliləyişlə demək olar ki, müqayisə oluna bilər. Bu isə Ukrayna ordusunun qısa müddətdə əldə etdiyi ən böyük ərazi uğurlarından biri hesab olunur.

Ekspertlər bildirirlər ki, bu dinamika 2023-cü ilin iyununda başlayan əks-hücum əməliyyatlarından bəri Ukrayna qüvvələrinin ən sürətli taktiki irəliləyişlərindən biridir. Bununla yanaşı, müharibə zonasında vəziyyətin dəyişkən olaraq qaldığı, cəbhə xəttində lokal döyüşlərin davam etdiyi vurğulanır.

Hərbi müşahidəçilər qeyd edirlər ki, döyüş meydanında əldə edilən bu cür uğurlar tərəflərin strateji planlarına təsir göstərə bilər, lakin münaqişənin ümumi gedişatını qiymətləndirmək üçün daha uzunmüddətli tendensiyalara baxmaq vacibdir.

Poliqon.info

Seçilən
84
poliqon.info

1Mənbələr