AZ

ABŞ NATO dan çıxır, yoxsa şərtləri dəyişir? ŞƏRH

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"ABŞ-nin dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında bildirdi ki, “biz NATO-dan çıxmırıq, biz istəyirik NATO ilə tərəfdaş ölkə olaq”. Bildiyimiz kimi, Donald Tramp hakimiyyətə gələndən sonra araşdırdı və gördü ki, NATO-nun əsas xərclərini Amerika çəkir. Avropa ölkələri, NATO-ya üzv olan dövlətlər isə ümumi daxili məhsullarının 0.9%-ni, 1.2%-ni, 1.3%-ni, 1.5%-ni hərbiyə ayırırlar, yəni 2% ayıran yoxdur. Halbuki NATO-nun böyük xərcləri mövcuddur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov ABŞ-nin NATO ilə münasibətlərindən danışarkən bildirdi. Onun sözlərinə görə, bu ildən etibarən artıq bir sıra ölkələr büdcələrində artırmalara gedərək bu göstəricini 2%, 2.5%, 3% və hətta 3.5%-ə qaldırıblar və 2030-cu ilə qədər bu ölkələrin hər biri ümumi daxili məhsulunun 5%-ni hərbiyə ayırmağı planlaşdırır:

"Bu isə doğrudan da çox böyük vəsaitdir. Hələ bu il Avropa İttifaqı hərbi gücün artırılması üçün 850 milyard avro ayırıb. Bunun nəticəsi olaraq Almaniyada yeni hərbi zavodların tikintisi, Böyük Britaniyada müasir raket və tank zavodlarının inşası artıq başlayıb. Eyni zamanda, bu gün həm Almaniya, həm də Böyük Britaniya Rusiya ilə mümkün müharibə ehtimalı ilə bağlı əhalini hazırlayır, yəni həm ictimai, həm də hərbi hazırlıq işləri aparılır. Çünki onlar hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi dayanan kimi Rusiya Avropa ölkələrinə hücum edə bilər. Bu nöqteyi-nəzərdən Rusiyanın təcavüzkar siyasəti Avropa tərəfindən ciddi şəkildə dərk olunur. Onlar hesab edirlər ki, Vladimir Putin hakimiyyətdə olduğu müddətdə müharibə dayandırılmayacaq. Çünki müharibənin dayandırılması Rusiyanın daxilində inqilab və iğtişaşlara səbəb ola bilər. Bu gün ölkənin sənayesi əsasən hərbi sənaye üzrə gecə-gündüz fəaliyyət göstərir. Digər sahələrə gəldikdə isə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra minlərlə xarici şirkət fəaliyyətini dayandırdı və milyonlarla iş yeri bağlandı. Bütün bunları Rusiyanın mövcud siyasi rəhbərliyi də bilir. Buna görə də onların müharibəni dayandırmaq niyyətində olmadıqları düşünülür".

Siyasi şərhçi əlavə etdi ki, müharibə dayansa belə, Avropaya yönəlmiş təhlükə ehtimalı qalır və məhz bu səbəbdən Avropa ölkələri bu məsələyə ciddi diqqət yetirərək hazırlıq görürlər.

"NATO-dan Amerikanın çıxması məsələsinə gəldikdə isə, qeyd olunduğu kimi, Marko Rubio bu barədə öz mövqeyini bildirib. Eyni zamanda görünən odur ki, dünya gücləri qütbləşiblər: Rusiyanı Çin, Şimali Koreya və İran dəstəkləyir. Bu gün Yaxın Şərqdə mövcud olan gərgin vəziyyət fonunda ABŞ və İsrail İranı təhdid edir, eyni zamanda İran rəhbərliyi də ABŞ-yə qarşı sərt ritorikadan istifadə edir. SEPAH rəhbərliyi Amerikanı və İsraili məğlub edəcəklərini bildirir. Bunun səbəbi kimi isə İrana həm Çin, həm də Rusiya tərəfindən ciddi hərbi dəstəyin göstərildiyi qeyd olunur. Bu baxımdan ABŞ belə bir məqamda heç cür NATO-dan ayrıla bilməz. Çünki ABŞ təklənərsə, gələcəkdə ABŞ-nin özünün də bildirdiyi kimi, Çinlə qarşıdurma ehtimalı mövcuddur. Həmçinin qarşıda Tayvan məsələsi dayanır. Bu nöqteyi-nəzərdən Amerika heç cür NATO-dan çıxa bilməz", - deyə E.Həsənov vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
redaktor.az

2Mənbələr