AZ

Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi

Azərbaycan və BƏƏ ikitərəfli əlaqələrin yeni gündəliyini müəyyənləşdirir

Körfəz Əməkdaşlığı Şurasında və Ərəb Dövlətləri Liqasında aparıcı lider dövlətlərdən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında dərin hörmət və sıx dostluğa əsaslanan münasibətlər son illərdə inkişaf edərək bütün sahələrdə irəliləməkdədir. Ali və yüksək səviyyədə səfər mübadilələri və qarşılıqlı təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, aktiv parlament diplomatiyası və müxtəlif sahələrdə dinamik fəaliyyət Bakı-Əbu-Dabi əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxarıb.

Son dövrlərdə BƏƏ-nin hökumət nümayəndələrinin və dünya miqyaslı nəhəng korporosiayalarının, iş adamlarının Azərbaycana intensiv xarakter alan səfərləri Bakı-Əbu-Dabi əlaqələrinin strateji tərəfdaşlığının nümunəsi olmaqla, ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapıların açılmasını təşviq edir. Müasir iqtisadi gündəliyin geniş və çoxşaxəli istiqamətləri müəyyənləşir. Əgər bir neçə ilə qədər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələrini əhatə edirdisə, son illərdə iqtisadi coğrafiya xeyli genişlənib və qeyri-neft sektorunun bütün istiqamətlərində əlverişli işgüzar təmaslar qurulub və bu əməkdaşlıq dayanmadan irəliləyir.

Aqrar sahədə əməkdaşlığın perspektivləri

Ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti hökumət qurumları ilə bir sıra faydalı görüşlər keçirib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə görüşdə iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulanıb. Qeyd olunub ki, ixracyönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. Bu baxımdan konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

Birləşmiş Ərəb Əmirliklərinin dünya miqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçün beynəlxalq əməkdaşlıqların qurulmasının vacibliyinə diqqət çəkən Abdulla Əl Dahak Əl Şəmsi bildirib ki, Bakıda keçirdiyi görüşlər aqrar sahədə əməkdaşlığın genişləndirməsi üçün mühüm dönüş nöqtələrindən biri ola bilər. BƏƏ-nin aparıcı investorlarının ölkəmizin heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiya qoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi və digər layihələrin icrası gözlənilir. Bu prioritetlərə nail olmaq üçün tərəflər arasında birgə işçi qrupunun yaradılması və Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

BƏƏ-nin nüfuzlu “Al-Tayeb” şirkətinin direktoru Riyad Cabbar isə bildirib ki, hazırda Azərbaycan şirkətləri ilə əməkdaşlıq şəraitində meyvə, tərəvəz və quş əti məhsullarının tədarükü ilə bağlı məsləhətləşmələr aparılır. Dünya üzrə güclü tədarük ofisinə sahib olan bu təchizatçı şirkət e-ticarət platforması qurmaqla azərbaycanlı fermerlərin mallarının topdansatış sistemini qurmaq niyyətindədir. Bu isə milli ixracın körfəz regionuna çıxışı üçün yeni qapı açacaq.

Birgə İnvestisiya Fondu maliyyələşdirmədə fəal rol oynayır

İqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə də ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. Ticarəti daha da asanlaşdırmaq və liberallaşdırmaq, həmçinin qeyri-neft-qaz sektoru üzrə dövriyyəni artırmaq məqsədilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin iqtisadi əlaqələrin inkişafında önəmi nəzərə çatdırılıb.

Azərbaycanda yaradılan əlverişli investisiya mühiti vurğulanıb, iki ölkənin iştirakı ilə yaradılmış Birgə İnvestisiya Fondunun qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsində və maliyyələşdirilməsində rolu diqqətə çatdırılıb. Həmçinin “Masdar” şirkətinin Azərbaycanın bərpaolunan enerji sektoruna sərmayələrinin əhəmiyyətinə toxunulub.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi hökumət nümayəndələrinin və iqtisadi qurumların, biznes icmalarının qarşılıqlı səfərlərinin iki dövlət arasında investisiya, sənaye, kənd təsərrüfatı, turizm, iqlim, şəhərsalma və digər sahələr üzrə əməkdaşlığın inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb. Bildirib ki, son iki il ərzində müxtəlif sektorlarda əməkdaşlığı təşviq edən 20-dən çox saziş imzalanıb və yeni sənədlərin mübadiləsinə hazırlıq aparılır, artıq qida sahəsində əməkdaşlıq üçün yeni imkanlar müəyyən edilib. Yaxın zamanda BƏƏ və Azərbaycan arasında birgə müəssisələrinin yaradılmasına investisiya qoyuluşu ilə bağlı müzakirələr aparılacaq ki, bu da birgə sərmayə təşviqlətini daha da gücləndirəcək.

“Yaşıl enerji”nin yeni səhifəsi

BƏƏ şirkətləri Azərbaycanın strateji tərəfdaşı kimi enerji və iqtisadi inkişafa töhfə verir. Bu ölkənin nəhəng investoru  “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya ötən il istifadəyə verilib.

“Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

“Masdar” şirkəti Azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq. Bu iri layihələr nəhəng investisiya portfelinin göstəricisi kimi BƏƏ şirkətlərinin Azərbaycana olan yüksək münasibətini əks etdirir.

Azad ərazilərdə BƏƏ investisiyaları üçün imkanlar

Tərəflər digər investisiyayönümlü layihələr üzərində fəal iş aparır və səfər çərçivəsində ölkəmizə gəlmiş nümayəndə heyətlərinin tərkibində nüfuzlu səhmdarların yer alması da bunu təsdiqləyir.  Müasir strateji baxış isə əsas etibarilə qeyri-neft bölmələrinə fokuslanıb və hazırda ticari dövriyyədə nəzərə çarpan dinamikanın da əsas hərəkətverici xətti qeyri-neft üzrə əmtəə mübadilələridir. 2025-cü ildə əmtəə mübadiləsi 115,6 milyon dollar təşkil edib, imkanlar isə daha böyükdür. Mövcud potensialları bir platformada birləşdirən tərəflər müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün daha geniştutumlu Yol Xəritəsi hazırlayıb.

Azərbaycanla BƏƏ arasında qurulmuş uzunmüddətli uğurlu tərəfdaşlığın əsas prioritetləri sırasına azad edilmiş ərazilərdə müxtəlif sahələrdə iş qurmaq, o cümlədən bərpaolunan enerji və turizm infrastrukturlarını inkişaf etdirmək də daxildir.

Beləliklə, BƏƏ-nin hökumət nümayəndə heyətinin ölkəmizə səfərləri iqtisadi-ticari əlaqələrin yüksək səviyyəyə çatmasına, investisiya üzrə proqramların həlledici mərhələyə daxil olmasına imkan yaradacaq.

E.CƏFƏRLİ

Seçilən
54
2
yeniazerbaycan.com

3Mənbələr