Özünü Allah kimi aparma, sən qulsan!
Hər il müqəddəs Ramazan ayı gələndə eyni suallar baş-beynimizi aparır: on bir ay araq içib bir ay oruc tutmaq olar? Namaz qılmayan adamların orucu qəbul olunur? Haram yeyən, açıq-saçıq geyinən, bütün günü onun-bunun arxasınca deyinən adamların oruc tutmağı doğrudurmu? Biz başqalarının işinə qarışmağı sevən adamlarıq. Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində eyni adam səhər siyasətdən, günorta mədəniyyətdən, axşam mənəviyyatdan danışmır. Təkcə başımız çıxdığı deyil, çıxmadığı mövzularda da danışmağa can atırıq. Ağıllı görünmək azarı bu milləti əməlli-başlı azarladıb... Hansısa ölkədə zəlzələ baş verəndə bir anın içində dönüb oluruq seysmoloq. Haradasa çəyirtkə sürüsü peyda olanda biz də oluruq zooloq. Xəstə bir uşaq doğulanda, ya da kiminsə boğazında çörək qalıb boğulanda həkim damarımız baş qaldırır. Hər gün politoloq, arada isə astroloq oluruq. Dünən gecə yarısına kimi hamımız futbol mütəxəssisi idik. Bu gündən isə cübbəmizi geyinib dini mövzularda şərhlər verməyə başlamışıq. Yüz ilin müctəhidi bizim yanımızda yalan olub. Müqəddəs Ramazan ayının gəlişi nə vaxtsa yaralı barmağa məlhəm olmayan bəzi adamları həvəsləndirib. Ömründə bir dəfə Quran oxumayan, oxuduğu digər kitabların isə mənasını anlamayan bu adamlar hər əmələ şərh verməyi özlərinə borc bilirlər. Mən onların dilindən tez-tez bu məzmunda hökmlər eşidirəm: "Filankəsin orucu qəbul olunmayacaq!" Bəhmənkəsə isə Ramazandan əvvəlki həyatına görə rişxənd edirlər: "Başqa vaxt "rumka" əlindən yerə düşmür. İndi molla olub".Yüz dəfə yazmışam, düşünürəm ki, yüz birinci dəfə yazmaqda ancaq fayda var: “Tutaq ki, kimsə 11 ay araq içib 1 ay oruc tutur. Bunun bizə nə dəxli var? Həmin adam ilin 12 ayı, hətta hər gün araq içsə, bundan nə qazanacağıq? Ən azı ildə bir ay spirtli içkilərdən uzaq qalıb günahlarının bağışlanması üçün dua edirsə, bunun kimə ziyanı var?Mən Ramazan ayında mənəvi kamilliyə yüksəlib pis əməllərə ömürlük tövbə edən neçə adam tanıyıram. Hər kəsə öz səhvini düzəltmək üçün şans vermək lazımdır…” Bu nə mənəm-mənəmlikdir? Niyə dil-boğaza qoymursan? Özünü Allah kimi aparma, sən qulsan! Yaradanın qulusan… Yerini bil! Seymur Verdizadə