AZ

Ramazan ayı nə üçün müqəddəs adlandırılır? - MÜSAHİBƏ

Bu gündən Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb. Bununla əlaqədar bəzi insanlar ayın əsas vacib əməllərindən biri olan oruc ibadətinə start veriblər.
Ramazan ayı ilə bağlı ilahiyyatçı Tural İrfanla həmsöhbət olduq.

- Tural bəy, Ramazan ayında kimlər oruc tuta bilməz? 
- Xəstə, səfərdə olan şəxslər, uşaqlar, hamilə yaxud süd verən qadınlar, həddən artıq yaşlılar oruc tutmaya bilər.

- Namaz qılmayan şəxslər oruc tuta bilər? Bu, nə dərəcədə doğrudur?  
- Namaz qılmayanlar da oruc tuta bilər. Amma namazın daha asan variantını qıla bilərlər ki, bu sababdan da məhrum olmasınlar. Yəni oturaraq, yol gedərək, göz işarəsi ilə də namaz mümkündür.

- Hər il Ramazan bayramı zamanı müsəlman dünyasında bayram namazının vaxtı ilə bağlı problem yaşanır və bayram namazları ayrı-ayrı günlərdə qılınır. Bunun həlli yolu nədir?
- Hər il Ramazan bayramının müxtəlif günlərə salınaraq ixtilafa səbəb olması sadəcə müsəlman aləminə kənar qüvvələrin müdaxiləsi və vəhdətə maneə yaradan siyasi amillərdir. Yoxsa burada dini, şəri heç bir problem yoxdur. Guya Ayın çıxmasını hərə bir cür başa düşür. Ayın çıxması məsələ məlumdur ki, nə tibbə, nə anatomiyaya aiddir, bu məsələ sərf astronomiyaya aiddir ki, buna da mütəxəssislər cavab verməlidir. Amma bəzi mollalar bunu da öz öhdəsinə götürüb. Ona görə də ixtilaf düşür. İxtilaf salan ölkələrin baş din xadimlərinin konfransı keçirilib ortaq məxrəcə gəlməlidirlər. 

Din bir, Quran bir, oruc bir, amma vaxtı ayrı, bayram ayrı. Müsəlmanlar hamısı eyni gündə birləşməsin deyə Qərbin ideoloji institutları bu təfriqəni inkişaf etdirmək üçün illər sərf edib. Həlli yolu yalnız ixtilafı, təfriqəni əsas götürənlərin bir tavan altında oturub müzakirə edib Quranın, Allahın əmrini əsas götürüb bir qərara gəlmələridir. Əgər o fətva verən alimlərə belə bir təşəbbüslə müsəlmanlar müraciət etsə, onlar buna məhəl qoymasa, yaxud da müzakirə edərək bir qərara gəlməsələr, əslində hər iki tərəfin alimləri İslam hüququna görə cəzalandırılmalı, ən azı ömürlük həbs olunmalıdır. Lakin hazırda bu məsələ dünyəvi qanunla tənzimlənir deyə, əlac ona qalır ki, bütün müsəlmanlar özünü din alimi adlandıran həmin şəxslərdən tamamilə üz döndərib onların ixtilaf salan, müsəlmanları parçalayan fətvalarına əməl etməməlidirlər.

- İnsan bu ayda təkcə ac qalmaqla imtahana çəkilir?
- Bu ayda təkcə ac qalmaq deyil, mənəviyyatın inkişaf etdirilməsi vacibdir. İnsan bu ayda ruhunu paklamalıdır. Mərhəmət, səxavət hissləri daha çox üzdə olmalı, xeyirxahlıq etməlidir. Oruc yalnız özünü düşünmək deyil. Cəmiyyətə də faydalı olmaq şərtdir.

- Ramazan ayı nə üçün müqəddəs adlandırılır?
- Ramazan ayı ona görə müqəddəs adlanır ki, Quran bu ayda nazil olub. Fəzilət baxımından üstün ay sayılıb. İl ərzində Ramazan ayı, günlərdən də Qədr gecəsi seçilib. İl ərzində günah edən adamlar bu ayda oruc tutub, namaz qılıb, yaxşı əməllər edib paklanmalıdır. Qədr gecəsində də Allahla rabitəyə, münacata üz tutub əfv diləməlidirlər.

Günel

Seçilən
80
50
hit.az

10Mənbələr