AZ

“Qarabağ”ın 1 6 uduzmasının səbəbləri Qurban Qurbanov nə edib?!

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ötən gün “Qarabağ”ın “Nyukasl”a qalib gələcəyini düşünənlərin futboldan anlayışı yoxdur”.

Bu sözləri Globalinfo.az-a idman eksperti Natiq Muxtarlı deyib.

O, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın İngiltərənin “Nyukasl Yunayted” komandasına 1-6 uduzmasının səbəblərini açıqlayıb:

“Qarabağ”ın qalib gələcəyini düşünən insanların futbol anlayışı yoxdur. Yaxud da bu adamlar futbolla ciddi maraqlanmırlar və kimin hansı səviyyəyə, hansı nailiyyətə sahib olduğunu bilmirlər. Azərbaycan komandası ilə İngiltərə Premyer Liqası təmsilçisini müqayisə edib “Nyukasl” ilə oyunda “Qarabağ”dan qələbə gözləmək qeyri-ciddi yanaşmadır. Artıq “Liverpul” ilə oyun iki Premyer Liqa komandası arasındakı səviyyə fərqini göstərmişdi. Bu isə Azərbaycan Premyer Liqası ilə İngiltərə Premyer Liqası arasındakı uçurumu açıq şəkildə ortaya qoyur. Mən şəxsən dünənki oyunda “Qarabağ”ın qalib gəlməyəcəyini yüz faiz bilirdim və bunu oyundan əvvəl də demişdim”.

N.Muxtarlı burada bəzi nüansların olduğunu bildirib:

“Qarabağ” böyük hesabla məğlub olmamalı, ən azı Bakıda müqavimət göstərməli idi. Amma bu futboldur… Sənin qurduğun taktiki plan rəqibin planı ilə uyğun gəlməyəndə və ya rəqibin planı sənin planını üstələyəndə belə məğlubiyyətlər qaçılmaz olur. Burada futbolçuların ustalıq səviyyəsi ön plana çıxır. Bir tərəfdə heyətinin dəyəri bir milyarda çatan komanda, digər tərəfdə isə 10 milyonluq heyət. Bir milyard bəzi kiçik ölkələrin illik büdcəsinə bərabər rəqəmdir. “Nyukasl” oyunçularının fərdi ustalığı açıq-aşkar görünürdü. Top qəbul etmələri, topla davranışları, topsuz hərəkətləri və sair səviyyə göstəricisidir”.

Jurnalist Qurban Qurbanovu ucuz qiymətə futbolçu almaqda qınayanlara da cavab verib:

“Əgər kimsə Qurban Qurbanovu qınayırsa ki, futbolçunu baha satıb ucuz alır, o zaman sual vermək lazımdır: məsələn, bir hissədə Qarabağa dörd qol vuran, dəyəri 100 milyona çatan Qordon səviyyəsində oyunçunu Azərbaycan çempionatına gətirmək mümkündürmü? İstək başqa şeydir, reallıq başqa. İnsanda məntiq də olmalıdır. Sponsor pul ayırdı və “Qarabağ”ın büdcəsini 300 milyon etdik ki, get, bahalı futbolçu gətir. Avropada orta səviyyəli futbolçuların qiyməti artıq 50-60 milyondan başlayır”.

Natiq Muxtarlı deyib ki, büdcəni şişirtməklə nəyəsə nail olmaq mümkün deyil:

“İngiltərə Premyer Liqasının yayım hüquqları təxminən 7 milyard funt sterlinqdir. Bu rəqəm Azərbaycanın dövlət büdcəsinə yaxın göstəricidir. Bu nə deməkdir? Azərbaycan çempionatının isə ciddi iqtisadi bazası yoxdur. “Nyukasl” bilet satışından 300 milyon qazanc əldə edir, “Qarabağ” isə pul qazanmır. Bura sən heç bir halda bahalı oyunçu gətirə bilməzsən. Belə şəraitdə 50-60 milyonluq futbolçu hansı səbəblə gəlib Qubada, Şamaxıda, boş tribunalar önündə oynasın? Özünə hörmət edən, səviyyəli futbolçu İngiltərə çempionatında çıxış etməyə üstünlük verər”.

Ekspertin fikrincə, Azərbaycan futbolunun yolu fərqlidir:

“Bizim işimiz Qurban Qurbanovun etdiyi kimi, nisbətən ucuz, Avropada özünü təsdiqləyə bilməmiş futbolçuları alıb inkişaf etdirmək, sonra isə baha qiymətə satmaq olmalıdır. Klubun büdcəsi bu şəkildə formalaşmalıdır. Çünki Azərbaycan çempionatını heç vaxt İngiltərə Premyer Liqasının səviyyəsinə qaldıra bilmərik. “Qarabağ” heç vaxt “Mançester Siti” və ya “Liverpul” olmayacaq. Bir ildə dövlət büdcəsindən bir milyard ayırmaqla da bu səviyyəyə çatmaq mümkün deyil. Üstəlik, bir-iki bahalı futbolçu almaqla nəticə qazanılmaz. Sənin bütün mövqelərində eyni səviyyədə oyunçular olmalıdır. İngiltərədə bu mümkündür, çünki çempionat özü gəlir gətirir. 7 milyardlıq yayım müqaviləsi olan liqa ilə müqayisə aparmaq real deyil. Biz Azərbaycan çempionunun Çempionlar Liqasında son 16 mərhələsinə qədər irəliləməsini belə böyük uğur saymalıyıq”.

N.Muxtarlının sözlərinə görə, “Qarabağ”ı qınamağa əsas yoxdur:

“Bu, Azərbaycanın və Azərbaycan futbolunun reallığıdır. Sadəcə, oyunumuz alınmadı. Çünki çox usta oyunçular var idi. Bizdə bölgələrdəki stadionlara nəzər yetirmək kifayət edir. Azərbaycanda uşaqlar çürümüş, iy verən rezinin üstündə futbol oynayır. Belə şəraitdə futbolçu yetişdirmək mümkünsüzdür”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
globalinfo.az

1Mənbələr