AZ

Ölkədə düyü əkini sahələri artırılmalıdır İqtisadçı

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məlum olduğu kimi, dünya bazarlarında düyü fyuçersləri bir sentner (təxminən 45,36 kiloqram) üçün 11 ABŞ dollarından bir qədər yuxarı səviyyədə ticarət olunur. Bu göstərici 2025-ci ilin sentyabr ayından bəri qeydə alınan ən yüksək səviyyəyə yaxındır. Hesablamaya əsasən, 1 kiloqram düyünün birja qiyməti təxminən 0,24 ABŞ dolları təşkil edir. Bu isə 1 ton (1000 kq) üçün təqribən 242–243 ABŞ dollarına bərabərdir.  Qiymət artımı Asiya və Afrika ölkələrində davamlı tələbatla əlaqələndirilir. 

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) fevral ayı üzrə açıqladığı WASDE hesabatına görə, 2025-2026 mövsümündə ABŞ üzrə düyü balansında təklifin azalacağı, daxili istehlakın sabit qalacağı, ixracın azalacağı və yekun ehtiyatların artacağı proqnozlaşdırılır.

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli 525.az-a deyib ki, dünyada düyü istehlakının 90 faizi Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin - Çin, Hindistan, İndoneziya, Tailand və s. payına düşür. Düyü istehsalında da Cənub-Şərqi və Şərqi Asiya ölkələri öndə gedir. Hazırda həmin ölkələrdə düyü istehsalında azalma baş verir və səbəb daşqınlar, musson yağışlarıdır:

“Bundan başqa, düyü həm də buğdanın əvəzedicisidir. Ukraynada baş verən proseslərdən sonra buğdanın kəskin bahalaşması dünyada düyüyə olan tələbatı da artırıb. Buğda bahalaşanda insanlar düyüyə üstünlük verməyə başlayıblar. Bu bahalaşmanın Azərbaycana təsiri mümkündür. Azərbaycana düyü əsasən, Hindistan və İrandan gətirilir. İdxaldan asılı olduğumuz üçün sözügedən ölkələrdə düyünün bahalaşması Azərbaycanda da qiymət artımına səbəb olur”. 

İqtisadçı vurğulayıb ki, yerli düyü istehsalının daxili tələbatı ödəməsi üçün ölkədə düyü əkini sahələri artırılmalıdır: "Azərbaycanda bu məqsədlər üçün kifayət qədər ərazi var. Lakin çəltik rütubəti sevən bitkidir və hazırda ölkədə su ehtiyatları ilə bağlı çətin vəziyyət yaranıb. Amma başqa ölkələrin təcrübəsindən istifadə edib yeni suvarma texnologiyalarının tətbiq ilə ölkədə çəltik istehsalını artırmaq olar".

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
525.az

1Mənbələr