AZ

Yaxın günlərdə daha 20 məzarın açılması planlaşdırılır - AÇIQLAMA

"Biz Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etmişik və Dövlət Komissiyası ilə əməkdaşlıq çərçivəsində Geofizika İnstitutunun əməkdaşlarını da prosesə cəlb etmişik. Xankəndi yaxınlığında aparılan qazıntı işlərinə həmin mütəxəssislər də qatılıblar. Onların istifadə etdiyi qurğular torpağın dərin qatlarında sümük qalıqlarını birbaşa müəyyən edə bilməsə də, orada hər hansı predmetin – metal, taxta və ya digər əşyanın mövcudluğunu aşkar edə bilir. Aparılan ölçmələr zamanı müəyyən edilir ki, torpaq altında çuxur və həmin çuxurda müəyyən predmetlər var. Bu isə qazıntı aparılması üçün ilkin əsas yaradır. Qazıntı işləri əsasən hansı məlumatlara əsaslanır? İlk növbədə Dövlət Komissiyasında toplanmış məlumatlara – əsirlikdən qayıtmış şəxslərin ifadələrinə, ailə üzvlərinin verdiyi məlumatlara və Komissiyanın apardığı araşdırmaların nəticələrinə. Məhz bu məlumatlar əsasında son dövrlərdə Ağdərə və Xankəndi istiqamətində aparılan qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar olunub".

QHT.az xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun baş məsləhətçisi Zaur İsmayılov “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, qazıntı və axtarış işləri işğaldan azad olunmuş ərazilərdə 2022-ci ilin fevral ayından etibarən mina təmizlənmə işləri başlandı. Ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi başa çatdıqdan sonra müvafiq qurumlar tərəfindən qazıntı işlərinə start verilib:

"İndiyədək ümumilikdə 32 insan qalığı aşkar olunub. Həm kütləvi, həm də fərdi məzarlıqlar müəyyən edilib. Müxtəlif kateqoriyalar üzrə itkin düşmüş şəxslərin naməlum məzarlarda basdırıldığı faktları təsdiqini tapıb. Hazırda bəzi hallarda ailələr naməlum qalıqları öz yaxınlarına aid hesab edərək dəfn ediblər. Onlar başdaşı qoyub ad yazsalar da, sonradan yenidən Komissiyaya müraciət ediblər ki, rəsmi eyniləşdirmə aparılsın. Hazırda respublika üzrə 198 naməlum məzarla bağlı iş aparılır. Bu istiqamətdə Baş Prokurorluqla birgə tədbirlər görülür. Artıq Sumqayıt, Gəncə və Bakı şəhərlərində birinci və ikinci Şəhidlər Xiyabanına aid 17 məzarın açılması və eyniləşdirilməsi həyata keçirilib. Bu proses davam edir".

Zaur İsmayılov həmçinin bildirib ki, yaxın günlərdə daha 20-yə yaxın məzarın açılması və eyniləşdirilməsi planlaşdırılır. Sahə işləri davam etdiriləcək. Ağdərə istiqamətində və digər ərazilərdə qazıntı və araşdırmalar mərhələli şəkildə davam etdirilir:

"Qazıntı işləri aparılıb və nəticədə 30-a yaxın fakt aşkar olunub. Hazırda işlər davam etdirilir. Ağdam rayonu ərazisində, eləcə də Füzuli rayonu ərazisində, xüsusilə də Füzulinin şiddətli döyüşlərin getdiyi Qorğan kəndi və Aşağı Seyid kəndi ərazilərində qazıntı və araşdırma işləri mərhələli şəkildə davam etdiriləcək."

Seçilən
12
qht.az

1Mənbələr