AZ

“Evimdən çıxmıram” deyən sakinlər və şirkət təzyiqi… – Hüquqlar necə qorunur?

Son illər Bakıda və digər böyük şəhərlərdə köhnə yaşayış binalarının sökülməsi, ərazilərdə yeni yaşayış komplekslərinin inşa edilməsi və şəhərsalma layihələrinin həyata keçirilməsi nəticəsində bir çox vətəndaş evindən köçürülməklə üz-üzə qalır.

Bəzi hallarda bu proses razılaşma əsasında, müəyyən kompensasiyalar müqabilində həyata keçirilsə də, bir çox hallarda sakinlərlə tikinti şirkətləri arasında ciddi mübahisələr yaranır. Xüsusilə eyni binada yaşayan 2-3 ailənin köçməyə razı olmaması, evlərini tərk etməməsi və şirkətlə razılığa gələ bilməməsi uzunmüddətli hüquqi qarşıdurmalara səbəb olur. Bəzən isə sakinlər məcburi şəkildə evdən çıxarıldıqlarını, təzyiqə məruz qaldıqlarını və hüquqlarının pozulduğunu bildirirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşın mülkiyyət hüququ toxunulmazdır və heç kəs məhkəmə qərarı olmadan öz evindən çıxarıla bilməz.

Konstitusiya və Mülki Məcəllə hər bir şəxsin yaşayış sahəsinə sahib olmaq və ondan istifadə etmək hüququnu qoruyur. Bu baxımdan, tikinti və ya yenidənqurma məqsədilə hər hansı ərazidə söküntü aparılarkən, mülkiyyətçilərlə əvvəlcədən razılaşma əldə olunmalıdır. Onların razılığı və ya məhkəmə qərarı olmadan evlərindən çıxarılmaları yolverilməzdir. Əgər şəxs məhkəmə qərarı olmadan və ya zor tətbiqi ilə evindən çıxarılıbsa, bu, qanunsuz hesab olunur və həmin şəxs öz hüquqlarını bərpa etmək üçün hüquqi yollara müraciət edə bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, belə hallarla üzləşən vətəndaş ilk növbədə bütün sənədlərini – çıxarışını, müqavilələrini, ödəniş qəbzlərini və digər mülkiyyət sənədlərini qoruyub saxlamalıdır:

“Daha sonra baş verən hadisələrlə bağlı foto və video sübutlar toplamalı, şahid ifadələrini qeydə almalı və dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Əgər şəxs məcburi şəkildə evdən çıxarılıbsa, prokurorluğa və məhkəməyə şikayət etmək hüququna malikdir. Məhkəmə yolu ilə həmin şəxsin əvvəlki yaşayış sahəsinə qaytarılması, dəyən maddi və mənəvi ziyanın ödənilməsi tələb oluna bilər”.

Natiq Ələsgərov

Hüquqşünas deyib ki, bir binada yaşayan sakinlərin əksəriyyəti tikinti şirkəti ilə razılığa gəldiyi halda, yalnız 2-3 ailənin köçməkdən imtina etməsi də tez-tez rast gəlinən hallardandır:

“Bu zaman şirkət həmin ailələri məcbur köçürmək hüququna malik deyil.

Qanuna görə, hər bir mülkiyyətçi ayrıca hüquq subyektidir və onun razılığı olmadan mənzilinə müdaxilə edilə bilməz. Şirkət bu hallarda yalnız danışıqlar yolu ilə razılıq əldə etməyə, alternativ mənzil təklif etməyə və ya maddi kompensasiya verməyə çalışmalıdır. Razılaşma mümkün olmadıqda isə məsələ məhkəmə müstəvisində həll olunmalıdır”.

Natiq Ələsgərov bildirib ki, evdən məcburi çıxarılma halları əksər hallarda qanunsuz xarakter daşıyır və vətəndaşlar belə vəziyyətlə barışmamalıdır.

Onun sözlərinə görə, tikinti şirkətləri yalnız məhkəmə qərarı əsasında köçürmə apara bilər və bu qərar da müvafiq kompensasiya mexanizmləri nəzərə alınmaqla verilməlidir:

“Əgər şəxsə adekvat mənzil və ya bazar dəyərinə uyğun pul kompensasiyası təklif olunmursa, onun köçməyə məcbur edilməsi hüquq pozuntusudur. Bəzi hallarda sakinlərə real dəyərindən xeyli aşağı məbləğ təklif edilir və ya uyğun olmayan şəraitdə evlər verilir. Bu isə qanunvericiliyə ziddir. Vətəndaş belə hallarda razılaşma imzalamamalı, əvvəlcə hüquqi məsləhət almalıdır”.

Hüquqşünasın fikrincə, binada bir neçə ailə köçməyə razı olmadıqda, şirkətin əsas vəzifəsi onlarla dialoq qurmaqdır:

“Təzyiq, hədə-qorxu, kommunal xətlərin kəsilməsi, binanın qəsdən yararsız hala salınması kimi üsullar cinayət məsuliyyəti yarada bilər. Bu cür hallarla rastlaşan sakinlər dərhal polisə, prokurorluğa və məhkəməyə müraciət etməli, hüquqlarını qanuni yolla müdafiə etməlidirlər”.

Tunar
NOCOMMENT.az

Seçilən
22
nocomment.az

1Mənbələr