AZ

“Ölkədə avtomobillərin istifadə müddətinin köhnəlməsi əlavə ehtiyat hissələrinə tələbatı yüksəldir”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avtomobil ehtiyat hissələrinin qiymətləri 10-20% artıb və bahalaşma demək olar ki, bütün məhsullara təsir edib. Satıcılar bunu maya dəyərinin yüksəlməsi ilə izah edirlər. İqtisadçılar isə artımı qlobal logistika xərcləri, inflyasiya, xammalın bahalaşması, zəif rəqabət və valyuta dalğalanmaları ilə əlaqələndirir və yaxın vaxtda kəskin ucuzlaşma gözləmirlər.Bu bahalaşma müvəqqəti xarakter daşıyır, yoxsa uzunmüddətli tendensiyaya çevrilə bilər?

İqtisadçı ekspert Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qış aylarında ehtiyat hissələrinə tələbat artır: “Bahalaşma bir sıra struktur və qlobal amillərdən asılıdır. Bu isə onu deməyə əsas verir ki, bazarda həm müvəqqəti, həm də bəzi hallarda daimi inflyasiya müşahidə oluna bilər. Belə müvəqqəti amillər hansıdır? Müvəqqəti amillərə ilk növbədə mövsümi faktorlar daxildir. Qış mövsümü ilə əlaqədar olaraq logistikada müəyyən çətinliklər yaranır, bəzi marşrutlar uzanır və nəticədə daşınma xərcləri artır. Əlavə lisenziya və sığorta xərcləri tələb olunur. Bildiyimiz kimi, gömrük rüsumları hesablanarkən yol xərcləri də dəyərə daxil olaraq hesablanır”.

Asif İbrahimov

“Qış aylarında ehtiyat hissələrinə tələbat artır. Tələb artdıqca, tələb-təklif prinsipi əsasında qiymətlər də yüksəlir. Bu baxımdan bahalaşma müəyyən qədər mövsümi xarakter də daşıyır. Belə olduğu halda kəskin ucuzlaşma baş verəcəkmi? Xeyr. Niyə? Yay aylarında müəyyən ucuzlaşma mümkündür və praktikada nadir hallarda belə hallar müşahidə edilib. Lakin ümumilikdə qiymət artımı daha çox daimi xarakter daşıyır. Dünyada inflyasiya prosesləri davam edir, satıcıların qiymət siyasətinin dəyişməsi və xərclərin artması da qiymətlərin yüksəlməsinə səbəb olur. Azərbaycanda rəqabət mühitinin zəif olması və bu kimi məhsulların yerli istehsalının olmaması da əlavə təsir göstərir. Ehtiyat hissələri əsasən idxal olunur və xarici bazarlardakı dəyişikliklər birbaşa daxili qiymətlərə ötürülür.

Bundan əlavə, ölkədə avtomobillərin istifadə müddətinin köhnəlməsi, əlavə ehtiyat hissələrinə tələbatı yüksəldir. Belə olduğu halda gələcəkdə müəyyən ucuzlaşma mümkün olsa da, kəskin qiymət enişi gözləmək real deyil”,- deyə Asif İbrahimov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr