Ağdərə rayonuna daha 293 nəfər qayıdıb - FOTO - YENİLƏNİB
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç reallaşıb. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə, ümumilikdə, 293 nəfərdən ibarət 63 ailə qayıdıb. Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə), Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb. Ağdərədə mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, rayon ərazisində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı şəkildə bərpa olunur, yeni sosial obyektlər inşa edilir, təhsil və səhiyyə müəssisələri yenidən qurulur, kəndlərdə müasir kommunal infrastruktur yaradılır. S.Qəhrəmanov onu da vurğulayıb ki, sosial infrastrukturun tam yenilənməsi sakinlərin rahat, təhlükəsiz və layiqli yaşayışının təmin olunmasına xidmət edir. Eyni zamanda, doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələləri də daim diqqət mərkəzində saxlanılır, ehtiyacı olan ailələrin dövlət və özəl sektor üzrə işlə təminatı istiqamətində müvafiq tədbirlər görülür. Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün Ağdərədə başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir. *** 12:10 İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində fevralın 23-də Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar, Çıldıran kəndlərinə növbəti köç yola salınıb. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Ağdərənin Aşağı Oratağ kəndinə 29 ailə - 141 nəfər, Heyvalı kəndinə 17 ailə - 84 nəfər, Çapar kəndinə 7 ailə - 22 nəfər, Çıldıran kəndinə isə 10 ailə - 46 nəfər köçürülür.