AZ

Xankəndidə Xocalı qurbanları anıldı

Xankəndidə Qarabağ Universitetinin inzibati binasında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalının dinc sakinlərinə qarşı törədilmiş insanlığa sığmayan qanlı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasim keçirildi.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə sözügedən ali təhsil ocağının pedoqoji kollektivi və tələbələri, Xocalı sakinləri, media nümayəndələri iştirak edirdilər.

Açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xocalı soyqırımının milli yaddaşımızda və dövlətçilik şüurumuzda dərin iz buraxan faciə olduğunu bildirdi. O, qeyd etdi ki, erməni millətçilərinin törətdikləri qanlı soyqırımı aktının 34-cü ildönümünün Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində anılması xüsusi rəmzi məna daşıyır. Bu gün işğaldan azad olunmuş torpaqlarımıza, o cümlədən Xocalıya həyatın yenidən qayıtması, bu ərazilərdə aparılan bərpa-quruculuq işləri şəhidlərimizin ruhuna ən böyük təsəllidir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında Xocalı faciəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı ağır cinayət olduğunu qeyd etdi. Xatırlatdı ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşiləşmiş erməni silahlı quldurları 613 dinc sakini, o cümlədən qadın və uşaqları amansızcasına qətlə yetiriblər. Minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb.

Bu faciənin azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayan Ombudsman bildirdi ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilib, sonrakı dövrdə isə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl addımlar atılıb. Bu addımlar sırasında Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyası xüsusi yer tutur.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı, Xocalı hadisələrinin şahidi Füqurə Rüstəmova çıxış edərək faciə gecəsi yaşadığı dəhşətlər, erməni vəhşilərinin xocalılıların başlarına gətirdikləri ağlasığmaz cinayətlər haqqında danışdı. Gəncləri tarixi unutmamağa və həqiqətləri gələcək nəsillərə çatdırmağa çağıran F.Rüstəmova soyqırımının ildönümünün bu gün azad Qarabağımızda qeyd olunmasının şəhid ailələri üçün də qürurverici olduğunu qeyd etdi.

Anım tədbirində qanlı faciəyə həsr olunmuş videoçarx nümayiş etdirildi və sonda Ombudsmanın Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanatı səsləndirildi.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Seçilən
18
xalqqazeti.az

1Mənbələr