AZ

Əməkhaqları ilə bağlı yeni mexanizm: belə artırılacaq

Azərbaycan Prezidenti Əmək Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Qəbul olunan yeniliyə əsasən, minimum əmək haqqının məbləği ildə azı bir dəfə yenidən nəzərdən keçiriləcək. Bununla da minimum maaş artımlarında sistemlilik və davamlılıq təmin ediləcək, proses hüquqi mexanizmlə tənzimlənəcək.

Bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, minimum əmək haqqının mütəmadi şəkildə artırılması yalnız ən aşağı maaş alan vətəndaşlara deyil, vahid tarif cədvəli (VTC) üzrə bütün pillələrdə çalışanlara da təsir göstərir. Belə ki, dövlət büdcəsi hesabına maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırıldıqdan sonra bir ay müddətində yeni məbləğə uyğunlaşdırılır.

Deputat bildirib ki, bu kateqoriyaya sosial sahə, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal təsərrüfatı, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan əməkdaşlar daxildir.

Qeyd olunub ki, həmin şəxslərin maaşları vahid tarif cədvəli əsasında formalaşır və 19 dərəcə üzrə müəyyən edilir. Hazırda bu sistem üzrə ən aşağı əmək haqqı 400 manat, ən yüksək isə 1150 manat təşkil edir. Minimum əmək haqqının dövri şəkildə artırılması praktik olaraq bütün dərəcələr üzrə artımı şərtləndirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, minimum əmək haqqına hər il yenidən baxılması sosial siyasətin institusional əsaslarının gücləndirilməsi deməkdir:

“Bu qərar minimum əmək haqqının təsadüfi və epizodik deyil, sistemli şəkildə artırılmasına imkan yaradacaq. Ən vacib məqam ondan ibarətdir ki, artım mexanizmi artıq qanunvericilik səviyyəsində təsbit olunur. Bu isə vətəndaşlar üçün proqnozlaşdırıla bilən sosial təminat mühiti formalaşdırır.”

Akif Nəsirlinin sözlərinə görə, minimum maaşın mütəmadi artırılması inflyasiya şəraitində əhalinin real gəlirlərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır:

“Qiymət artımları fonunda aşağı gəlirli əhalinin alıcılıq qabiliyyəti zəifləyə bilər. Əgər minimum əmək haqqı uzun müddət dəyişməz qalarsa, sosial təbəqələşmə dərinləşər. İllik baxılma mexanizmi bu riskləri minimuma endirməyə xidmət edir. Minimum əmək haqqı artırıldıqca vahid tarif cədvəli üzrə bütün pillələrdə maaşların yüksəlməsi təmin olunur. Bu isə dövlət sektorunda çalışan minlərlə insanın gəlirlərində artım deməkdir. Eyni zamanda özəl sektor da qanunvericiliyə uyğun olaraq maaş siyasətini yenidən tənzimləməli olacaq”.

“Minimum maaş elə səviyyədə olmalıdır ki, vətəndaş yalnız zəruri xərclərini deyil, sosial və mədəni ehtiyaclarını da qarşılaya bilsin. Bu istiqamətdə davamlı və balanslı artım siyasəti mühüm rol oynayacaq. Əgər maaş artımları iqtisadi göstəricilərlə paralel aparılarsa, bu addım həm sosial rifahı artıracaq, həm də makroiqtisadi sabitliyə mənfi təsir göstərməyəcək”.

Tunar
NOCOMMENT.az

Seçilən
9
nocomment.az

1Mənbələr