AZ

Xocalı Azərbaycanın yalnız qan yaddaşı deyil; həm də bir millətin ədalət axtarışının təcəssümüdür – ŞƏRH

Bakı, 24 fevral, Nailə Həsənova, AZƏRTAC

XX əsrin sonunda Cənubi Qafqazda baş verən ən ağır faciələrdən biri olan Xocalı soyqırımı hadisəsi təkcə bir şəhərin yox, bütün bir xalqın taleyində silinməz iz qoydu. Strateji mövqeyə malik bu kiçik şəhər, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsinə çevrilərək dünya tarixinin acı yaddaşına yazıldı. Burada yaşananlar müharibənin sərt qanunlarını aşaraq, dinc əhaliyə qarşı misilsiz qəddarlığın rəmzinə çevrildi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy bildirib.

O vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşında qara hərflərlə həkk olunub: “Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, bir neçə saatlıq hücum nəticəsində yüzlərlə mülki şəxs – qadınlar, uşaqlar, qocalar – vəhşicəsinə qətlə yetirildi. Qarlı meşələrdə, dağ yollarında həyat uğrunda qaçmağa çalışan insanların izləri bu gün də silinməyən ağrının simvoludur. Bu hadisə nə sıradan bir hərbi toqquşma idi, nə də təsadüfi bir “çətin döyüş günü”. Bu faciə, beynəlxalq hüququn, insanlıq prinsiplərinin, müharibə zamanlarında belə qorunmalı olan dəyərlərin amansız şəkildə pozulması demək idi”.

Ekspert bildirilib ki, Xocalıda baş verənlərin miqyasını təsdiqləyən təkcə Azərbaycan mənbələri deyil, beynəlxalq təşkilatların hesabatları da mövcuddur: “Human Rights Watch” və Memorial İnsan Haqları Mərkəzinin araşdırmaları, Xocalıdan qaçan insanların məqsədli şəkildə hədəfə alınmasını, onların müharibə qanunlarının belə tanımadığı bir qəddarlıqla öldürülməsini təsdiqləyir. Həmin dövrdə erməni rəhbərliyində təmsil olunan şəxslərin müsahibələrində səsləndirdiyi etiraflar isə bu faciənin yalnız hərbi əməliyyat olmadığını, həm də psixoloji və simvolik mahiyyət daşıdığını göstərir. “Ermənilər mülki insanlara toxunmaz” kimi bir mifin dağıdılması, qarşı tərəfə “güc nümayişi” mesajı verilməsi – bütün bunlar faciənin arxasındakı qaranlıq niyyətləri daha da aydınlaşdırır”.

Bahar Özsoy qeyd edib ki, Azərbaycan Milli Məclisi Xocalı hadisələrini 1994-cü ildə “Xocalı Soyqırımı” kimi tanıyıb. Azərbaycan dövləti və diasporu uzun illərdir ki, həqiqəti dünyaya çatdırmaq üçün ardıcıl fəaliyyət göstərir. “Xocalıya ədalət” kampaniyasının təsiri ilə Pakistan, Meksika, Kolumbiya kimi dövlətlərin parlamentləri, həmçinin ABŞ-nin bir sıra ştatları Xocalı soyqırımını tanıyan qərarlar qəbul edib. Bu, Azərbaycanın beynəlxalq tribunal olmadan da həqiqətin siyasi, tarixi və mənəvi səviyyədə tanınmasına nail olmaq üçün apardığı mübarizənin mühüm nəticəsidir.

Onun sözlərinə görə Xocalı həm də ədalət çağırışıdır: “Xocalı Azərbaycanın yalnız qan yaddaşı deyil; həm də bir millətin ədalət axtarışının təcəssümüdür. Bu gün Azərbaycan dövləti təkcə keçmişin ağrılarını xatırlatmır, həm də gələcək üçün mesaj verir: mülki əhalinin müdafiəsi beynəlxalq hüququn dəyişməz prinsipi olmalı, belə cinayətlər cəzasız qalmamalıdır.

Bu faciəni xatırlamaq – nifrət yaratmaq deyil, ədalətin bərpasını tələb etməkdir. Bu hadisəni dünyaya çatdırmaq – müharibə dəhşətlərinin bir daha təkrarlanmaması üçün xəbərdarlıqdır. Xocalını unutmaq mümkün deyil. Unutsaq həm də insanlığın üzərinə düşən məsuliyyəti unutmuş olarıq”, - deyə Bahar Özsoy əlavə edib.

Seçilən
24
1
azertag.az

2Mənbələr