AZ

Torpağın alınmasına əsas verən dövlət ehtiyacının əhatə dairəsinin genişləndirilməsi təklif olunub

Torpağın alınmasına əsas verən dövlət ehtiyacının əhatə dairəsinin genişləndirilməsi təklif olunub.

APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində deputat Naqif Həmzəyev bildirib ki, ekoloji təhlükələr, rəqəmsal transformasiya prosesləri, sosial infrastrukturun genişləndirilməsi və fəlakət risklərinin artması kimi amillər dövlət ehtiyaclarının məzmununu daha da genişləndirir.

Deputat qeyd edib ki, iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq öhdəliklər və “yaşıl iqtisadiyyat” hədəfləri nəzərə alınaraq bərpa olunan enerji layihələri, həmçinin daşqın və sürüşmə risklərindən qorunma məqsədilə mühafizə zonalarının yaradılması dövlət ehtiyacları sırasında ayrıca nəzərdən keçirilə bilər: “Həmçinin Avropa ölkələrinin böyük əksəriyyətinin qanunvericiliyində dövlət xəstəxanaları, məktəblər, universitetlər və uşaq bağçaları kimi ictimai sosial obyektlər torpağın alınmasına əsas kimi tanınır. Qarabağın bərpası prosesi və sosial infrastrukturun genişləndirilməsi zərurəti nəzərə alındıqda, bu boşluğun doldurulması xüsusi aktuallıq kəsb edir. Bununla yanaşı,"Rəqəmsal Azərbaycan" strategiyasının uğurla həyata keçirilməsi üçün data mərkəzləri, fiber-optik magistral xətlər və müasir telekommunikasiya infrastrukturunun inşası getdikcə daha vacib hala gəlir. Siyahının genişləndirilməsi ilə paralel olaraq bir sıra prosedur zəmanətlər də mütləq qanuna əlavə edilməlidir. Müstəqil qiymətləndirmə mexanizmi, torpaq sahibinin məhkəməyə müraciət hüququnun açıq şəkildə təsbit olunması, kompensasiyanın bazar qiymətindən aşağı ola bilməyəcəyi norması və alınan torpaq nəzərdə tutulmuş məqsəd üçün istifadə edilmədikdə geri qaytarılma mexanizminin olması yaxşı hal olardı. Beynəlxalq təcrübə göstərir ki, dövlət ehtiyaclarının siyahısı statik olmamalı, ölkənin inkişaf strategiyası, ekoloji öhdəlikləri və texnoloji tərəqqisi ilə paralel olaraq yenilənməlidir. Lakin bu yeniləmənin hər addımı mülkiyyət hüquqlarının qorunması baxımından daha güclü prosedur zəmanətlərlə müşayiət olunmalıdır”.

Seçilən
4
3
apa.az

4Mənbələr