AZ

“Sosial şəbəkədə təhqir və böhtan cinayət məsuliyyəti yaradır”

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Təhqir və böhtan halları artıq təkcə etik məsələ deyil, birbaşa cinayət məsuliyyəti yaradır”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında vəkil Esmira Rzayeva bildirib:

“Azərbaycan Respublikasının qanunvericiliyi hər bir şəxsin şərəf və ləyaqətinin qorunmasına təminat verir.  Azərbaycan Respublikasının Konstitusiyası-nın 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 148-ci maddəsinə əsasən təhqir – yəni kütləvi çıxışlarda, mediada, sosial şəbəkələrdə və ya digər internet informasiya ehtiyatlarında şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – cinayət məsuliyyəti yaradır.

Bu əmələ görə:

1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri,

və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”.

Cinayət məsuliyyətinin 16 yaşdan başladığına toxunan vəkil bildirib ki, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan – yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma – eyni qaydada cəzalandırılır:

“Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma isə daha sərt sanksiyalara səbəb olur:

2 ilədək islah işləri,

3 ilədək azadlığın məhdudlaşdırılması,

və ya 3 ilədək azadlıqdan məhrum etmə.

Vəkil Esmira Rzayeva izah edir ki, qanunvericiliyə görə kütləvi çıxış – ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadədir:

“Kütləvi nümayiş etdirilən əsər – foto, video, reklam və digər materialların ən azı 2 nəfər tərəfindən görülə biləcəyi şəkildə yayılmasıdır.

Kütləvi informasiya vasitələri və internet informasiya ehtiyatları – televiziya, radio, dövri mətbuat, sosial şəbəkələr və xəbər saytlarını əhatə edir.

Yalnız bu hallarda şəxs Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilər.

Qeyd edilib ki, təhqir və böhtanla bağlı cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilir. Yəni iş yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında başlanır.

Zərərçəkmiş şəxs məhkəməyə müraciət etməli, sübutları təqdim etməlidir. Məhkəmə müşavirə otağına gedənədək tərəflər barışarsa, işə xitam verilə bilər”.

Esmira Rzayeva vətəndaşlara müraciət edərək bildirib ki, sosial şəbəkələrdə emosional paylaşımlar etməzdən əvvəl hüquqi məsuliyyəti nəzərə almaq vacibdir.

“Şərəf və ləyaqətin alçaldılması qanun qarşısında cavabsız qalmır”,-deyə o fikirlərini yekunlaşdırıb.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
icma.az

1Mənbələr