AZ

Deputat: İcbari tibbi sığorta sistemi müştərək maliyyələşmənin tətbiqinə hələ tam hazır deyil

Mövcud sistem icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinə hələ tam hazır deyil.

Heftelik.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli bildirib.

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il təxirə salınmasını dəstəklədiyini söyləyən deputat qeyd edib ki, bu gün bir çox regionda ilkin tibbi-sanitariya yardımı infrastrukturu, kadr təminatı və xidmət spektri vətəndaşın real ehtiyacını tam qarşılamır: “Əgər indiki mərhələdə müştərək maliyyələşmə mexanizmi sərt şəkildə tətbiq edilsə, vətəndaş faktiki olaraq keyfiyyətli alternativ xidmət olmadan əlavə maliyyə yükü ilə üz-üzə qalacaq. Bu isə sosial baxımdan həssas qruplar üçün əlavə çətinliklər yaradar. İkincisi, göndəriş sistemi hələ institusional olaraq formalaşmayıb. Qanunvericilikdə göndəriş mexanizmi nəzərdə tutulsa da, praktikada ailə həkiminin xəstənin marşrutunu müəyyən edən əsas fiqur kimi rolu hələ tam formalaşmayıb, informasiya sistemləri və vahid elektron göndəriş mexanizmi bütün ölkə üzrə stabil fəaliyyət göstərmir.

Belə şəraitdə birbaşa ixtisaslaşdırılmış həkimə müraciətə görə vətəndaşa maliyyə sanksiyası tətbiq etmək, mexanizmi möhkəmləndirmir, əksinə sosial dövlət prinsipləri ilə uzlaşmır. Üçüncüsü, məqsəd müştərək maliyyələşmə tətbiq etmək yox, davranışı dəyişməkdir. Bu normanın əsas fəlsəfəsi vətəndaşı, ailə həkiminə yönləndirməkdir. Amma bu yalnız o halda mümkündür ki, ilkin səhiyyədə qəbul imkanları real olsun, laborator və diaqnostik minimum paket yerində təmin edilsin, ailə həkiminin verdiyi göndəriş sürətli şəkildə icra olunsun. Əks halda vətəndaş üçün ilkin mərhələ əlavə maneəyə çevrilir. Dördüncüsü,  icbari tibbi sığortanın maliyyə dayanıqlığı ilkin səhiyyədən başlayır. Bütün beynəlxalq təcrübə göstərir ki, xəstəxana və ixtisaslaşmış xidmətlər üzərində qurulan sistemlər uzunmüddətli perspektivdə daha baha başa gəlir. Əgər biz doğrudan da icbari tibbi sığortanın davamlı olmasını istəyiriksə, ilkin mərhələdə erkən diaqnostika, xroniki xəstəliklərin nəzarəti,  profilaktika real maliyyə və təşkilati mexanizmlərlə gücləndirilməlidir. Bu başa çatmadan, müştərək maliyyələşmə mexanizminin tam tətbiqi düzgün ardıcıllıq deyil. Bu dəyişiklik faktiki olaraq ilkin səhiyyəni, aparılan sistemli islahatlar yolu ilə gücləndirərək, səhiyyə modelinin mərkəzinə gətirməyə xidmət etməlidir”.

 

Seçilən
7
6
heftelik.az

7Mənbələr