AZ

Amansız və qəddar soyqırım aktı ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nə qədər ağır olsa da və nə qədər faciəli olsa da, bir azərbaycanlı kimi, bizim hər birimiz vətəndaş olaraq borcluyuq, xalqımızın, millətimizin başına gələnləri yad edək. Yad etməliyik ən əsası ona görə ki, bizdən sonra gələn nəsil heç vaxt öz keçmişini, tarixini unutmasınlar.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmuşdur.

2026-cı il fevralın 26-da Azərbaycan xalqı XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümünü yad edir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Qarabağın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən kütləvi qətliam tariximizin ən ağır səhifələrindən biridir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev, hələ o zaman Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Bir qədər uzaq keçmişi, tarixi yada salaraq, qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar erməni separatçıları tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bundan əlavə, mülki hava limanının yerləşdiyi Xocalının işğalı Ermənistana strateji üstünlük və Dağlıq Qarabağın qalan şəhərlərini ələ keçirmək üçün geniş imkanlar verirdi.

Nəhayət, bildiyimiz kimi, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərin dən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi hələdə indiyədək məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən erməni separatçıları tərəfindən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdi.

Erməni separatçılarının işğalından sonra bütün maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından biri kimi, sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi, erməni vandalizminin bariz nümunəsi olaraq, dünya mədəniyyətinə qarşı zorakılıq aktı kimi tarixə düşdü.

Rəsmi məlumatlara görə, işğal zamanı, ictimai və şəxsi əmlakın dağıdılması və talanması nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi.

Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı erməni separatçıları tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən soyqırım olduğunu təsdiqlədi.

Bu, yalnız bir şəhərin deyil, bütün bəşəriyyətin faciəsi idi. Xocalıda törədilənlər müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilir.

Xocalı soyqırımının tanınması beynəlxalq aləmdə Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımına dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymətin verilməsinin təşəbbüskarı olmuşdur. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı hadisələrinə “soyqırımı” kimi rəsmi qiymət verdi. Bu qərar məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. O, Xocalı faciəsini təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirirdi.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyətə başlanıldı, diplomatik kanallar vasitəsilə beynəlxalq təşkilatlarda məsələ mütəmadi qaldırıldı.

Prezident İlham Əliyev Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində bu siyasəti yeni mərhələyə yüksəltdi. Onun rəhbərliyi ilə informasiya müharibəsində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilmiş, bir sıra ölkələrin parlamentləri və beynəlxalq qurumları Xocalı faciəsini soyqırımı və ya kütləvi qırğın kimi tanımışdır.

Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası geniş coğrafiyanı əhatə etmiş, dünyanın müxtəlif ölkələrində anım tədbirləri, konfranslar və sərgilər təşkil olunmuşdur.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası Xocalı qurbanlarının ruhuna ən böyük ehtiram kimi qiymətləndirilir. Dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı faciə qurbanlarının xatirəsinin yaşadılmasının və tarixi ədalətin təmin olunmasının bariz nümunəsidir.

Həm Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, həm də Prezident İlham Əliyevin davamlı və prinsipial siyasəti nəticəsində Xocalı soyqırımı beynəlxalq gündəmdə saxlanılmış, bu faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması təmin edilmişdir.

Xocalı həqiqətlərinin tanıdılması istiqamətində aparılan fəaliyyət Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsində ardıcıl və strateji xəttin göstəricisidir.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu faciə həm milli hüznümüz, həm də milli birliyimizin rəmzidir. Hər il fevralın 26-da ölkəmizin hər yerində anım mərasimləri keçirilir, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir.

2026-cı ildə də Xocalı şəhidlərinin ruhu qarşısında baş əyir, onların xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Xocalı unudulmur, unudulmayacaq!

İlham Quliyev

YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
sesqazeti.az

1Mənbələr