AZ

Deputat: Xocalı qan yaddaşı və ümidin gələcək vizyonunun məkanıdır

Yazını böyüt
Yazını kiçilt

“1992-ci ilin soyuq fevral gecəsində Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı bəşəriyyət tarixinin ən qəddar səhifələrindən biridir. 613 dinc sakin - qadınlar, uşaqlar, yaşlılar qətlə yetirildi, yüzlərlə insan yaralandı, əsir götürüldü, yüzlərlə ailənin taleyi qaranlıqda qaldı. Bu qanlı faciə yalnız bir xalqın yox, bütün insanlığın vicdanına meydan oxuyan cinayətdir”.

Bu barədə Hafta.az-a Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Elnarə Akimova danışıb.

Deputat qeyd edib ki, 26 fevral Azərbaycan xalqının qəlbində əbədi yaşayan, əsrlərlə unudulmayacaq faciə günü olaraq qalacaq:

“Amma tarix yalnız qan və qüssə ilə yazılmır. Tarix həm də xalqın qətiyyəti, dözümü və ədalətə olan inamı ilə davam edir. Xocalı soyqırımının qisası yalnız döyüş meydanında alınmadı. Bu ədalət tələbi həm də quruculuqla, yurdlarımıza qayıdışla, əzizlərin xatirəsinin yaşadılması ilə təmin olunur. Bu gün Xocalı yenidən doğulur. İşğaldan azad edilmiş Xocalı şəhərində və onun kəndlərində aparılan dirçəliş işləri, mərhələli şəkildə həyata keçirilən “Böyük Qayıdış” proqramı Azərbaycanın dövlət siyasətinin reallığa çevrilmiş ən parlaq nümunələrindəndir”.

E. Akimova bildirib ki, 2024-cü ilin mayın 28-dən başlayaraq Xocalıya mərhələli köç prosesi intensivləşib və bu proses hazırda da davam edir. O, eyni zamanda qeyd edib ki, Xocalının özünəməxsus tarixi və ağrılı taleyi var:

“30 illik məcburi köçkünlükdən sonra insanların doğma yurda dönüşü yalnız maddi bərpa demək deyil. Bu, milli ruhun yenidən canlanması, itirilmiş illərin geri qaytarılması deməkdir. Bu gün Xocalı şəhərində çoxmənzilli binaların təmiri və bərpası nəticəsində yüzlərlə ailə üçün yeni yaşayış məkanları yaradılıb, infrastruktur bərpa olunub və həyat yenidən davam edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu quruculuq prosesləri insanların doğma torpaqlarına geri dönməsinə şərait yaradır. Prezident tərəfindən Xocalı şəhərində Dövlət Bayrağının ucaldılması, soyqırımı memorialının təməlqoyma mərasimləri tarixi ədalətin simvoluna çevrilib.

Bu gün Xocalı yalnız faciənin adı deyil. O, həm də dirçəlişin, qayıdışın, ümidin ünvanıdır. Məsələn, Xanyurdu kəndində artıq 40-dan çox fərdi ev tam bərpa olunub və ilin sonunadək daha 65 ev təmir ediləcək. Eyni zamanda, 2026-cı il üçün əlavə 93 evin bərpası planlaşdırılır. Bu kəndə iyul ayında 33 ailə - ümumilikdə 122 nəfər qayıdıb və onların sözlərinə görə, artıq doğma yurdda sərbəst və rahat yaşayış üçün bütün şərait yaradılıb: təmiz su, qaz xətləri çəkilib, kənddaxili yollar asfaltlanıb.

Bir başqa Xocalı kəndi - Ballıca da ənənəvi qayıdışın simvoluna çevrilib. Burada artıq ailələr öz ata-baba yurdlarına qayıdıb. Prezident İlham Əliyev Ballıca kəndində aparılan bərpa işlərini nəzərdən keçirərkən bildirib ki, bu qayıdış təkcə maddi bərpa deyil, eyni zamanda milli yaddaşın yenidən canlanmasıdır. Burada artıq çoxsaylı ailələr yaşayır, kənd həyatının ritmi hiss olunur və bu ritm gələcəyə inamı artırır”.

E. Akimova qeyd edib ki, Azərbaycan hökumətinin planına görə, yalnız 2025-ci ildə Xocalı və Ağdərə rayonlarının 16 yaşayış məntəqəsində bərpa işləri aparılaraq təxminən 6 minə yaxın keçmiş məcburi köçkün könüllü şəkildə öz doğma kəndlərinə köçürüləcək.

“Bu proses təkcə kənd təsərrüfatı sahəsində deyil, həm də sosial infrastrukturun - məktəblərin, tibb mərkəzlərinin, uşaq bağçalarının və digər sosial obyektlərin yenidən qurulması ilə müşayiət olunur. Xocalı şəhərində orta məktəbin və uşaq bağçasının yenidən təmir edilərək istifadəyə verilməsi, “Xocalı” substasiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılması bu dirçəlişin mühüm mərhələlərindəndir. Yenidənqurma yalnız evlərin tikintisi deyil - bu, insanların həyatının əvvəlki rahatlığını qaytarmaq, burada davamlı həyat şəraiti yaratmaq, sosial əmək bazarını canlandırmaq, mədəni həyat və təhsil imkanları ilə təmin etmək deməkdir. Bugünkü Xocalıda yalnız evlər deyil, gələcək inşa olunur.

Prezident İlham Əliyevin bu istiqamətdəki ardıcıl səyləri ilə həyata keçirilən tədbirlər sakinlərin yalnız fiziki deyil, mənəvi köklərini də gücləndirir. O, doğma yurda qayıdışın respublikamızın strateji dövlət siyasətinin tərkib hissəsi olduğunu dəfələrlə vurğulayıb və bunun üçün bütün resursların səfərbər edildiyini bəyan edib.

Bugünkü Xocalı faciənin nə qədər dərin izlər buraxdığını göstərsə də, eyni zamanda insanların dirçəliş və azadlıq uğrunda mübarizə ruhunun nə qədər möhkəm olduğunu nümayiş etdirir. Xocalı indi artıq qan yaddaşı ilə yanaşı, ümidin və gələcək vizyonunun məkanıdır. Xocalıya qayıdış yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də milli ruhun yaşayışa çevrilməsidir. Bu torpaqlarda həyat yenidən boy atır. Atılan hər addım, tikilən hər ev, açılan hər məktəb - bu xalqın öz köklərinə, öz ümidinə və ləyaqətinə dönmək arzusunun əyani ifadəsidir”, - deputat əlavə edib.

Tahirə Qafarlı

Seçilən
11
6
hafta.az

7Mənbələr