AZ

Leni Yoro sürücülük hüququndan məhrum edildi – ARENA.AZ

“Mançester Yunayted”in müdafiəçisi Leni Yoro yaşayış massivində sürət həddini aşdığı üçün sürücülük hüququndan məhrum edilib və cərimələnib.

Arena.az bu barədə “BBC Sport” nəşrinə istinadən xəbər verir.

22 yaşlı futbolçu ötən ilin avqustunda avtomobili ilə 30 mil (48 km) sürət həddi olan zonada saatda 72 millə (115 km) hərəkət edərkən radara düşüb.

Mərkəz müdafiəçisi məhkəmədə günahını etiraf edib. Məhkəmənin qərarı ilə Yoro 666 funt-sterlinq məbləğində cərimələnib və 6 ay müddətinə sükan arxasına keçməsi qadağan olunub. O, həmçinin 120 funt-sterlinq məhkəmə xərclərini və 266 funt-sterlinq məbləğində əlavə rüsumu ödəməlidir.

Futbolçunun vəkili Liza Nevitt iclasda müdafiəçinin dostunu dəmir yolu vağzalına çatdırmaq üçün tələsdiyini bildirib və onun adından üzr istəyib.

Mərkəz müdafiəçisi olan Leni Yoro Fransanın “Lill” klubunun yetirməsidir. Fransalı müdafiəçi qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib. “Mançester Yunayted” Yoronu 2024-cü ilin yayında “Lill”dən 62 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. “Qırmızı şeytanlar” Yoro ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Yoro “Mançester Yunayted”in heyətində cəmi 58 rəsmi matç keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Leni Yoro Fransanın əsas milli komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib. Gənc müdafiəçi həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.

“Transfermarkt” internet-portalı 22 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
9
arena.az

10Mənbələr