AZ

"Su çərşənbəsi təkcə Novruz ənənəsi deyil..." - AÇIQLAMA

"Su şərşənbəsi Novruzun gəlişindən öncəki dörd çərşənbənin birincisidir. Su çərşənbəsi təkcə Novruz ənənəsi deyil, həm də qədim türklərin su kultu ilə bağlı olan bir anlayışdır. Su müqəddəs sayılır, suya and içilir, suyun canlı olduğuna inanılır. Bu inanclar “Kitabi-Dədə Qorqud” dastanlarında da öz əksini tapıb. Su ümumiyyətlə təmizləyici və qoruyucu qüvvə kimi həm “Kitabi-Dədə Qorqud”da təqdim olunur, həm də xalq düşüncəsində keçmişdən günümüzə qədər bu şəkildə qorunub saxlanılıb".

Bu barədə Redaktor.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova su çərşənbəsi haqqında danışarkən bildirdi.

Müsahibimiz vurğuladı ki, inama görə, su çərşənbəsi gecəsi bütün sular təmizlənir:

"İnsanlar sübh tezdən bulaq başına gedir, suyun üzərindən tullanır, əl-üzlərini yuyurlar. Hətta bu çərşənbədə niyyət tuturlar. Bu, sadəcə gigiyenik akt deyil, həm də insanın ruhani təmizlənməsinə səbəb olur. İnsan ruhən və daxilən təmizlənmək istəyir. Keçmiş dövrlərdə su çərşənbəsi günü axar suya tüpürməzdilər, suyu çirkləndirməzdilər, suya murdar bir şey atmazdılar və suya bəddua etməzdilər. Bu davranış suya hörmətsizlik sayılırdı və günah hesab olunurdu. Çünki su ilahi başlanğıc kimi qəbul edilirdi. Bölgələrə görə axşam vaxtı su qabına üzük və ya başqa əşya ataraq fal açardılar. Bəzən “lal su” gətirərdilər və həmin suyu gətirərkən danışmazdılar; inanclara görə danışan şəxsin niyyəti hasil olmazdı. Gətirilən su ilə evdəkilərin üzünə su çiləyərdilər ki, onları ağırlıqdan təmizləsin".

İlhamə Qəsəbova əlavə etdi ki, xalq təqviminə görə çərşənbələrin birinci Su çərşənbəsi ilə başlanması çaylarda buzların əriməsi, suların açılması, suyun canına istiliyin gəlməsi və oyanışı ilə əlaqələndirilir.

"Su ümumiyyətlə həyatın başlanğıcıdır. Su elə bir qüvvədir ki, onun alternativi demək olar ki, yoxdur. Yer üzərində suyu heç nə əvəz edə bilməz. Novruz ərəfəsində qeyd etdiyimiz dörd müqəddəs çərşənbədən biri olan Su çərşənbəsi xalq təfəkküründə həyatın başlanğıcı kimi qəbul olunur. Qədim inama görə kainat əvvəlcə sudan yaranıb. Su saflığın, təmizliyin və diriliyin rəmzi kimi xalqın inamında hər zaman xüsusi yer tutub", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
24
1
redaktor.az

2Mənbələr