Bakı, 24 fevral, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq çoxtərəfli beynəlxalq institutların zəiflədiyi və çoxqütblü dünyanın formalaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bunu serbiyalı ekspert Andrey Boyiç deyib.
Onun sözlərinə görə, hazırda dünya 1990-cı illərdən bəri beynəlxalq sistemdə ən genişmiqyaslı dəyişikliklər dövrünü yaşayır. Ekspert qeyd edib ki, bu proseslər dünya siyasətində çoxqütblü strukturun yaranması və eyni zamanda, beynəlxalq əməkdaşlığın çoxtərəfli mexanizmlərinin zəifləməsi ilə xarakterizə olunur.
O vurğulayıb ki, çoxtərəflilik əvvəlcədən həm kiçik, həm də böyük dövlətlərin maraqlarını nəzərə almaq üçün nəzərdə tutulmuşdu. Ekspertin fikrincə, çoxqütblülük çoxtərəfli formatlar vasitəsilə həyata keçiriləndə, qlobal sabitliyi gücləndirir. Belə mexanizmlər olmadıqda isə çoxqütblü dünya qeyri-sabitlik mənbəyinə çevrilə bilər.
Ekspert bildirib ki, buna görə də çoxtərəflilik dəyərlərini bölüşən dövlətlər arasında ikitərəfli əlaqələr xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycan ilə Serbiya arasında tərəfdaşlığı qarşılıqlı maraqlara hörmət və əməkdaşlığa əsaslanan balanslı və sülhpərvər xarici siyasətin nümunəsi kimi qiymətləndirib.