AZ

Azərbaycan və Gürcüstan arasında parlamentlərarası əlaqələr inkişaf edir -Foto



Fevralın 24-də Milli Məclisin Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin komitə sədri, Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib. Qeyd edilib ki, deputatlarımız arasında aparılan müzakirələr, qarşılıqlı səfərlər və birgə tədbirlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verir.
Bildirilib ki, parlament diplomatiyasının inkişafı ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və bütövlükdə Cənubi Qafqazda sabitliyə xidmət edir. Komitə sədri Bakıda keçiriləcək üçtərəfli iclasın tərəfləri maraqlandıran məsələləri müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Nikoloz Şamxaradze ölkəmizdə səfərdə olmaqdan məmnunluq duyduqlarını bildirib. O, dövlətlərimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, qlobal layihələrin icrasında da ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini deyib.

Görüşdə Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, komitə sədrləri Musa Quliyev və Azər Əmiraslanov, deputat Gülşən Paşayeva, eləcə də Gürcüstan Parlamentinin Azərbaycanla işçi qrupunun rəhbəri İrakli Kadaqişvili və Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini İrakli Şatakişvili çıxış edərək ölkələrimiz arasında inkişaf edən əlaqələrin əhəmiyyətindən, yüksək səviyyəli diplomatik münasibətlərdən və gələcəkdə strateji münasibətlərin inkişafı perspektivlərindən söz açıblar.
Tədbirdə Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Göydəniz Qəhrəmanov, Pərvin Kərimzadə, Azər Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.



Seçilən
19
1
aia.az

2Mənbələr