AZ

Boliviya 17 ildən sonra ABŞ ilə narkotiklərə qarşı əməkdaşlığı bərpa edib

Yeni hakimiyyət təhlükəsizlik sahəsində Vaşinqtonla əlaqələri yenidən qurur və çoxmillətli strategiya həyata keçirməyi planlaşdırır...

Poliqon xəbər verir ki, Boliviya hökuməti 17 illik fasilədən sonra ABŞ ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığı yenidən bərpa edib. Reuters Agentliyinin yaydığı məlumata görə, ölkə rəhbərliyi ABŞ Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə “mütəşəkkil cinayətkarlığa qarşı çoxmillətli strategiya”nın həyata keçirilməsinə başlayır. Bu addım rəsmi La-Pasın təhlükəsizlik sahəsində Vaşinqtonla münasibətləri normallaşdırmaq istiqamətində atdığı növbəti qərar kimi qiymətləndirilir.

Məlum olduğu kimi, iki ölkə arasında təhlükəsizlik əməkdaşlığı 2008-ci ildə o vaxtkı prezident Evo Moralesin təşəbbüsü ilə dayandırılmışdı. Həmin dövrdə Boliviya hakimiyyəti ABŞ-nin daxili işlərə müdaxilə etdiyini iddia edərək Narkotiklərlə Mübarizə İdarəsinin fəaliyyətini ölkə ərazisində məhdudlaşdırmışdı.

Boliviya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, təkcə ABŞ qurumları ilə deyil, eyni zamanda Avropa ölkələrinin kəşfiyyat və polis strukturları ilə də əlaqələr bərpa olunub. Nazirlik əlavə edib ki, yaxın vaxtlarda qonşu dövlətlərin narkotiklərlə mübarizə agentlikləri ilə də əməkdaşlıq genişləndiriləcək. Məqsəd regionda transmilli cinayət şəbəkələrinə qarşı koordinasiyalı mübarizəni gücləndirməkdir.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Boliviyada keçirilən prezident seçkilərində sağ mərkəzçi senator Rodriqo Pas Pereyra qalib gəlib. Ondan əvvəlki 17 il ərzində ölkədə siyasi hakimiyyətə əsasən keçmiş prezident Evo Moralesin rəhbərlik etdiyi “Sosializmə Doğru Hərəkat” partiyası başçılıq edən sol qüvvələr nəzarət edib. Yeni prezident seçki kampaniyası dövründə Latın Amerikası ölkələri və ABŞ ilə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini vəd etmişdi.

Analitiklərin fikrincə, narkotiklərlə mübarizə sahəsində əməkdaşlığın bərpası Boliviyanın beynəlxalq təhlükəsizlik sisteminə daha fəal inteqrasiyasına və regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş strateji addımdır.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr