AZ

Əxlaqsızlıq azadlıq deyil: Dövlət nəhayət sərhəd çəkdi

Yanvarın 15-dən etibarən Azərbaycanda internet məkanına münasibət köklü şəkildə dəyişdi. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə mindi və Prezident İlham Əliyev tərəfindən təsdiqlənən yeni hüquqi çərçivə açıq şəkildə əxlaq normalarını tapdalayan məzmunun yayılmasını qadağan etdi. Artıq məsələ “bəyənmədim – keçdim” səviyyəsində deyil. Qeyri-etik ifadələr, küçə jarqonu, təhqiramiz jestlər, açıq-saçıqlıq və cəmiyyətə nümayişkaranə hörmətsizlik hüquqi məsuliyyət doğurur.

Bu qərar sosial şəbəkələrdə isterik reaksiya ilə qarşılandı. “Söz azadlığı boğulur”, “orta əsrlərə qayıdırıq” kimi şüarlar səsləndi. Amma həmin adamların çoxu bir suala cavab vermədi: azadlıq adı altında nəyi müdafiə edirdiniz? Söyüşü? Bayağılığı? Primtivliyi?

Qanunun tətbiqi dərhal nəticə verdi. “Koti” kimi tanınan tik-toker Zeynəb Zeynalı məsuliyyətə cəlb olundu. Təxminən 300 min izləyicisi olan blogerin canlı yayımlarda və paylaşımlarda istifadə etdiyi ifadələr, davranış tərzi məhkəmə tərəfindən cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirildi. Nəticə – 8 sutka inzibati həbs. Günahını da etiraf etdi.

Bununla paralel olaraq, Baş Prokurorluq daha altı nəfərin məsuliyyətə cəlb edildiyini açıqladı. Dörd nəfər həbs olundu, iki nəfər cərimələndi. Mesaj konkret və sərtdir: internet toxunulmaz zona deyil. Ekranın arxasında gizlənmək məsuliyyətdən azad etmir.

İllərlə sosial şəbəkələr “özünüifadə platforması” adı altında açıq deqradasiya meydanına çevrilmişdi. TikTok və Instagram kimi platformalarda düşüncə yox, şok effekti satılırdı. Ağıllı olmaq yox, qalmaqal yaratmaq trend idi. Nə qədər bayağı davranış, bir o qədər baxış sayı. Nə qədər sərhədsizlik, bir o qədər reklam gəliri.

“Bir dəfə yaşayırıq” şüarı məsuliyyətsizliyin ideoloji örtüyünə çevrilmişdi. Bahalı maşınlar, saxta lüks həyat, süni münasibətlər, ailə dəyərlərinin ələ salınması – bunlar normal kimi təqdim olunurdu. Yeniyetmələr üçün “uğur” artıq təhsil və zəhmət deyil, viral video idi. Valideyn sözü nüfuzunu itirir, yerini abunəçi sayı tuturdu.

Bəs bunun nəticəsi nə oldu? Ailədaxili konfliktlər, psixoloji gərginlik, süni həyat standartları, komplekslər, aqressiya. Cəmiyyət asta-asta zövqünü, həddini və həssaslığını itirirdi. Ən təhlükəlisi isə bu idi ki, biz buna alışmışdıq.

Söz azadlığı müqəddəs anlayışdır. Amma azadlıq sərhədsiz olanda xaosa çevrilir. Heç bir demokratik sistem açıq-saçıqlığın, təhqirin və mənəvi aşınmanın müdafiəçisi deyil. Azadlıq məsuliyyətlə yanaşı getməlidir. Əks halda, o artıq azadlıq yox, anarxiyadır.

Azərbaycanın kimliyi təsadüfi formalaşmayıb. Bu toplum böyüyə hörmət, ailə institutu və ictimai məsuliyyət üzərində qurulub. Sosial şəbəkə alqoritmləri isə bunun tam əksini təşviq edir: qalmaqal, təxribat və instinkt üzərindən qazanc.

Əgər platformalar məqsədli şəkildə qalmaqaldan pul qazanırsa, deməli, onlar bu mühitə görə maliyyə və hüquqi məsuliyyət daşımalıdır. Dövlətin müdaxiləsi “avtoritar jest” deyil. Bu, milli təhlükəsizlik məsələsidir. Çünki cəmiyyətin mənəvi dayaqları zəifləyəndə, dövlət də zəifləyir.

Bu gün uşaqların böyük hissəsi saatlarla ekranda yaşayır. Ailələr eyni masa arxasında oturub, amma hər kəs ayrı dünyadadır. Yeniyetmələr üçün bloger valideyndən daha güclü təsir fiquruna çevrilib. Bu artıq fərdi problem deyil, struktur təhlükədir.

Ona görə də sərt qərarlar qaçılmaz idi. İllərlə müzakirə etdik, xəbərdarlıq etdik, görməzdən gəldik. İndi mərhələ dəyişib. İcra mərhələsidir.

Eyni zamanda məsələ yalnız cəza ilə bitməməlidir. Müsbət kontent təşviq olunmalı, maarifləndirici layihələrə dəstək artırılmalıdır. Təhsil, tarix, ailə və milli-mənəvi dəyərləri təbliğ edən platformalar önə çəkilməlidir. Cəmiyyətə alternativ təqdim olunmadan təkcə qadağa ilə nəticə əldə etmək çətindir.

Azadlıq mütləq deyil. Heç vaxt da olmayıb. O, qaydalar daxilində mənalıdır. Qaydasız azadlıq isə xaosdur. Xaos isə nə fərdi, nə ailəni, nə də dövləti ayaqda saxlayır.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
39
nocomment.az

1Mənbələr