AZ

Ekspert: Cənubi Qafqazda logistikanın inkişafı təhlükəsizlikdən asılıdır

Bakı, 25 fevral, AZƏRTAC

Son illərdə Cənubi Qafqaz regionu beynəlxalq nəqliyyat və logistika baxımından strateji əhəmiyyətə malik məkana çevrilməkdədir. Bu prosesə əsasən Azərbaycanın apardığı məqsədyönlü siyasət, təhlükəsizliyin təmin olunması və infrastruktur layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi təkan verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Ekspert bildirib ki, tarixən mühüm coğrafi mövqeyə malik olan Cənubi Qafqaz Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub arasında əlaqələrin qurulmasında körpü rolunu oynayıb. Lakin bu potensialdan səmərəli istifadə yalnız regional sabitlik və siyasi iradə şəraitində mümkündür. Təhlükəsizlik olmadan beynəlxalq nəqliyyat marşrutlarının, logistika zəncirlərinin və iqtisadi əməkdaşlığın inkişafı mümkün deyil.

“Hazırda regionun beynəlxalq logistika sistemində rolunun artması həm regional, həm də qlobal səviyyədə təhlükəsizlik mexanizmlərinin möhkəmlənməsinə töhfə verir. Bu yanaşma bir sıra regional və beynəlxalq fiqurlar tərəfindən də dəstəklənir.

Cənubi Qafqazın logistika habı kimi formalaşmasının təməli isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə qoyulub. Azərbaycanın təşəbbüsü və investisiyaları hesabına həyata keçirilən bu layihə regionun beynəlxalq nəqliyyat xəritəsində yerini möhkəmləndirib”, – deyə S. İsgəndərov qeyd edib.

Onun fikrincə, qarşıdakı dövrdə Cənubi Qafqazda nəqliyyat və logistika layihələrinin inkişafı təhlükəsizliyin qorunması və regional əməkdaşlığın davamlılığından asılı olacaq. Bu isə region ölkələri arasında iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə imkan yarada bilər.

Seçilən
11
1
azertag.az

2Mənbələr