AZ

Elvin Cəfərquliyev niyə tarixə düşməlidir?

Biz onu tənqidlərlə yad edirdik. Qırmızı vərəqələri, aqressiyası, komandasını çətin vəziyyətlərdə qoyması və s. Hətta Qurban Qurbanovun ona son şans verdiyi deyilirdi. Sonra nə oldusa, Elvin Cəfərquliyev birdən-birə dəyişdi. Belə deyəndə əziyyətini yerə vurmuruq. Haşa. Gözümüzün önündə bir gecə mələyin yerə Elvin üçün endiyi canlanmasın. Sadəcə məsuliyyətini dərk etdi. 

Bu gün Elvin Cəfərquliyev yalnız yaxşı performansı ilə xatırlanır, yanına bir də tarixi hadisəni də əlavə edib - Çempionlar Liqasının play-offunda qol vuran yeganə azərbaycanlı. Heyif. Necə deyərlər, bilmirsən güləsən, yoxsa ağlayasan. İndiyə qədər "bu hadisəni törədən olmamışdı". Əvvəlki oyunlardan birində “matçın ən yaxşısı” seçilməklə yenə tarixə düşmüşdü. 

İndi hər dəfə yerli klubların ingilislər qarşısındakı oyunu yada düşəndə Elvin Cəfərquliyevin qolları göz önünə gələcək.

Bu yerdə yenə də Nəriman Axundzadəyə salam deyək. Bir qolu ilə haralara ucaldı və gözləntilər o qədər çox oldu ki, göstərdiyi oyun heç vaxt bunu qarşılaya bilmədi. Nəticəsi məlumdur. Azarkeşlər Nərimanı “yox elədi”. Peşəkar futbol şərhçiləri arasında da onu oyunlarda görmək istəməyənlər vardı. Getməli oldu. Yolu açıq olsun.

Amanın günüdür, Elvin Cəfərquliyev ona oxşamasın. Stabilliyini qorumağı bacarır və buna çalışır. Hücumçu deyil qol da vurmağı bacarır. Mənə görə meydanda ən çətin mövqedə oynayır. Həm hücumun təşkilində, həm də arxada komandaya kömək etməlidir. 

Özünə davranışları ilə ləqəblər qazanmağı bacaran Cəfərquliyev bu dəfə şərhçi Tural Dadaşovun “Pro Max” tituluna layiq görüldü. Sonuncu oyunundakı performansı şərhçimizə ilham verdi. 

Könül istər ki, Azərbaycan futbolçuları daim yaxşı oyunları ilə gündəmdə olsunlar. Təəssüf ki, sayları azdır. “Elvindir, Emindir...” deyib fikrə getdim. Belə olmamalıdır. Rahatlıqla yadımıza düşməlidir. Necə ki Azərbaycanda “baş məşqçi” deyəndə dərhal ağıla Qurban Qurbanov gəlir.

Samir Mirzə

Seçilən
18
2
olke.az

3Mənbələr