AZ

Üzərlik narkotik tərkibli maddədir?

Səhiyyə Nazirliyi üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə məlumat yayıb. Qeyd olunub ki, üzərliyin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Bu maddələr mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir. Belə olan halda həmin maddələrin beyinə təsiri narkotik vasitələrlə müqayisə edilə bilər? Üzərliyin həddindən artıq qoxlanması hansı nevroloji və ya psixi fəsadlara səbəb ola bilər?Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov Metbuat.az-a açıqlamasında bildirib ki, üzərliyin tərkibində narkotik maddə yoxdur, psixoaktiv maddələr var və bunlar psixikaya təsir göstərə bilir: “Kiminsə üzərlik yandırması və başqasının qısa müddət həmin tüstünü udması adətən ciddi problem yaratmır. Əsas risk maddənin bədənə çox miqdarda daxil olması ilə bağlıdır – istər udma, istər çəkmə, istərsə də başqa formada qəbul edilməsi zamanı. Doza artdıqca toksiki təsir ehtimalı yüksəlir. Az miqdarda qəbul olunduqda müəyyən sakitləşdirici effekt verə bilər. Lakin yüksək dozada toksiki təsir göstərir. Bu zaman ürəkbulanma, qusma, qıcolma, hallüsinasiyalar, qarabasmalar, səslər eşitmə, sayıqlama fikirləri və paranoik hallar yarana bilər. Bu əlamətlər artıq zəhərlənmə – toksiki təsir göstəricisidir”. Həkimin sözlərinə görə, psixoaktiv maddələr insanın psixikasına təsir edən spesifik maddələrdir, lakin üzərlik nə narkotik, nə də psixotrop maddə kimi təsnif olunur: ““Narkotik” anlayışı dövlət tərəfindən rəsmi şəkildə müəyyən edilmiş maddələrə şamil edilir. Bir maddə bir ölkədə narkotik hesab oluna bilər, digər ölkədə isə bu kateqoriyaya daxil edilməyə bilər. Hər ölkənin öz qanunvericiliyi var. Məhz buna görə də vətəndaşlara tövsiyə olunur ki, xarici ölkəyə səfər etməzdən əvvəl həmin ölkənin qanunlarını araşdırsınlar. Məsələn, İranda spirtli içkilər qadağandır və heç kim ora özü ilə spirtli içki apara bilməz. Eyni qaydada, Rusiyaya səfər edən şəxslər də üzərlik aparmamalıdırlar ki, hüquqi problemlə üzləşməsinlər. Azərbaycanda üzərlik qadağan olunmayıb. Lakin xəbərdarlıq xarakterli məlumatlar vətəndaşların həm hüquqi, həm də tibbi risklər barədə məlumatlı olması üçündür. Çünki çox miqdarda qəbul edildikdə bu maddə sağlamlıq üçün ciddi fəsadlar, xüsusilə də psixikada pozuntular yarada bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
31
metbuat.az

1Mənbələr