AZ

Bakıda məktəbə müəllim kimi işə düzəltdirmək adı ilə dələduzluq etdi – QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Kərim Gülgünovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməklə, ona 2 il 2 ay 25 gün müddətinə cəza verilib.

 

İttihama görə, Kərim Gülgünov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü zərərçəkmiş Xəlil Nəbiyevin (adı, soyadı şərtidir) həyat yoldaşını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən orta məktəblərin birinə “Azərbaycan dili və Ədəbiyyat” müəllimi vəzifəsinə işə düzəltməyə köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan şəxs kimi təqdim edib. O, həqiqətə uyğun olmayan vədlər verərək zərərçəkmişin etibarını qazanıb və özünə inandırıb.

 

Belə ki, Kərim Gülgünov 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən ASC-lərdən birinin inzibati binasının qarşısında zərərçəkmişdən 8000 manat məbləğində pul vəsaitini alaraq ələ keçirib. Lakin verdiyi vədə əməl etməyib və öhdəliyini yerinə yetirməyib. Nəticədə Xəlil Nəbiyevə ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 8 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdi.

 

Kamal Məmmədov

 

Tarix: 26 Fevral 2026, 08:24   
Seçilən
20
8
pravda.az

9Mənbələr