AZ

“Qalib xalqın silinməyən yaddaşı” - BDU-nun Qazax filialında anım tədbiri

Qazax, 26 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

BDU-nun Qazax filialında “Xocalı faciəsi - Qalib xalqın silinməyən yaddaşı” adlı anım tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə iştirakçılar öncə Xocalı faciəsinə həsr edilmiş fotoguşə ilə tanış olublar.

Tədbirdə Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxışlarda vurğulanıb ki, Xocalı soyqırımından 34 il ötməsinə baxmayaraq, xalqımız 1992-ci il fevralın 26-da dinc sakinlərin başına gətirilən müsibətləri heç vaxt unutmayıb. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Qeyd olunub ki, hadisəyə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib və 26 fevral tarixi "Xocalı Soyqırımı Günü" elan edilib.

Tədbirdə o dəhşətli gecənin qanlı statistikası bir daha xatırladılıb. Bildirilib ki, Xocalı soyqırımında 613 nəfər qətlə yetirilib, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 nəfər müxtəlif dərəcəli yaralar alaraq əlil olub. 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Diqqətə çatdırılıb ki, faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və həqiqətlərin dünyaya çatdırılmasında gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Bu cür tədbirlər qan yaddaşımızın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda xüsusi olaraq vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının qisası alınıb, onların qanı yerdə qalmayıb.

Seçilən
36
1
azertag.az

2Mənbələr