AZ

Haaqanın “Grote Kerk” baş kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Haaqa, 26 fevral, AZƏRTAC

Haaqanın əsas dini-mədəni mərkəzi olan “Grote Kerk” baş kilsəsində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Əbədi əks-sədaların elegiyası” adlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandın dövlət qurumlarının, parlamentinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi-ictimai, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Xocalı soyqırımının dəhşətli nəticələrini xatırladaraq, bu gün soyqırımın 34-cü ildönümü münasibətilə Niderlandın müxtəlif şəhərlərində keçirilmiş silsilə tədbirlər haqda məlumat verib. O bildirib ki, Avropada Xocalı soyqırımına həsr olunmuş ilk abidənin məhz Haaqa şəhərində ucaldılması Niderlandın tarixi yaddaşa hörmətinin, Azərbaycan xalqı ilə həmrəyliyinin və ölkələrimiz arasındakı insani və mədəni bağların göstəricisidir. Diplomat vurğulayıb ki, Xocalı faciəsi Azərbaycanın tarixində sağalmamış bir yara olaraq qalır və şəhidlərimizin müqəddəs xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq.

Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və Milli Ordunun şücaəti sayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş qətiyyətli addımlar atır.

M.Əhmədzadə qeyd edib ki, italyan və Niderland musiqiçilərindən ibarət “I Briconcello” kamera ansamblının təqdim edəcəyi “Əbədi əks-sədaların elegiyası” konserti vasitəsilə Azərbaycan, qlobal səviyyədə sülh və ədalət paytaxtı kimi tanınan Haaqa şəhərindən öz dostları ilə birlikdə, musiqinin dilində rəmzi olaraq dünya ictimaiyyətinə sülh və ədalət mesajı çatdırır.

“I Briconcello” kamera ansamblının direktoru maestro Pierluici Ruccero çıxış edərək, rəhbərlik etdiyi ansamblın 15 il ərzində Azərbaycanla Avropa arasında mədəni körpü rolunu oynadığını, Azərbaycan həqiqətlərinin musiqinin dili ilə Avropa ictimaiyyətinə çatdırılması istiqamətində çalışdığını deyib, bu xüsusda həyata keçirdiyi layihələrdən danışıb.

Maestro bildirib ki, ansamblın təqdim etdiyi “Əbədi əks-sədaların elegiyası” konsert proqramı Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirib. Bu elegiya 2021-ci ildə İtaliyanın müxtəlif şəhərlərində ictimaiyyətə təqdim olunub və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ithaf edilib. O əlavə edib ki, repertuar musiqinin sərhədləri aşaraq insanları birləşdirdiyini, hörmət, dialoq və qarşılıqlı anlaşmanı təşviq etdiyini, həmçinin Azərbaycanın çoxəsrlik multikultural və dini tolerantlıq ənənəsini əks etdirir.

Tədbirin bədii hissəsində “I Briconcello” kamera ansamblı dünyaşöhrətli bəstəkarların həzin və lirik əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin “Şuşa” əsərini, Kəmalə Əlizadənin aranjmanında Azərbaycan xalq mahnısı “Sarı gəlin”i, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar və Sevda İbrahimovanın seçilmiş əsərlərini ifa edib.

Seçilən
10
9
azertag.az

10Mənbələr