AZ

Haaqa şəhərinin baş kilsəsində Xocalı soyqırımı qurbanları yad edilib

Haaqa şəhərinin baş kilsəsi və əsas dini-mədəni mərkəzi olan "Grote Kerk"də Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Əbədi əks-sədaların elegiyası" adlı anım tədbiri keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbirdə Niderlandın dövlət qurumlarının, parlamentinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi-ictimai, mədəniyyət, elmi dairələrinin nümayəndələri iştirak edib.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə bildirib ki, Avropada Xocalı soyqırımına həsr olunmuş ilk abidənin məhz Haaqa şəhərində ucaldılması Niderlandın tarixi yaddaşa hörmətinin, Azərbaycan xalqı ilə həmrəyliyinin və iki ölkə arasında insani və mədəni bağların göstəricisidir.

"I Briconcello" kamera ansamblının direktoru maestro Pierluici Ruccero rəhbərlik etdiyi ansamblın 15 il ərzində Azərbaycanla Avropa arasında mədəni körpü rolunu oynadığını, Azərbaycan həqiqətlərinin musiqinin dili ilə Avropa ictiamiyyətinə çatdırılması istiqamətində çalışdığını deyib.

Maestro vurğulayıb ki, ansamblın təqdim etdiyi "Əbədi əks-sədaların elegiyası" konsert proqramı Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirmiş İtaliyanın müxtəlif şəhərlərində 2021-ci ildə səhnəyə qoyulub və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ithaf olunub.

O əlavə edib ki, repertuar musiqinin sərhədləri aşaraq insanları birləşdirdiyini, hörmət, dialoq və qarşılıqlı anlaşmanı təşviq etdiyini, həmçinin Azərbaycanın çoxəsirlik multikultural və dini tolerantlıq ənənəsini rəmzi olaraq əks etdirir.

Tədbirin musiqi proqramında dünya şöhrətli bəstəkarların həzin və lirik əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin "Şuşa" əsəri, Kəmalə Əlizadənin aranjmanında Azərbaycan xalq mahnısı "Sarı gəlin", Qara Qarayevin "Yeddi gözəl" baletindən parçalar və Sevda İbrahimovanın seçilmiş əsərləri səsləndirilib.

Seçilən
19
9
far.az

10Mənbələr