Cenevrədə İran və ABŞ arasında uzun illərdir davam edən nüvə böhranının həlli istiqamətində növbəti danışıqlar mərhələsi start götürür. Görüş regionda hərbi ritorikanın sərtləşdiyi və Vaşinqtondan mümkün zərbələrlə bağlı mesajların səsləndiyi bir vaxtda keçirilir. Tərəflər bu ay Tehranın nüvə proqramı ətrafında formalaşmış və onilliklərdir davam edən dalana dirənmiş vəziyyəti aradan qaldırmaq məqsədilə müzakirələri yenidən aktivləşdiriblər. ABŞ və digər Qərb dövlətləri proqramın gizli şəkildə nüvə silahı əldə etməyə yönəldiyini irəli sürsələr də, İran bu iddiaları əsassız sayır. Bəs görəsən ABŞ–İran nüvə danışıqlarının üçüncü raundu tərəflər arasında siyasi etimadın formalaşmasına real töhfə verə bilərmi, yoxsa bu mərhələ daha çox qarşılıqlı təzyiq strategiyasının davamı kimi qiymətləndirilməlidir? Əgər Cenevrə görüşü uğursuz nəticələnərsə, məhdud hərbi zərbə ehtimalı regionda siyasi balansı və güc nisbətini necə dəyişə bilər? Bu ssenari Yaxın Şərqdə yeni eskalasiya mərhələsinin başlanğıcı sayıla bilər?Politoloq Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə ABŞ ilə İran arasında aparılan danışıqlar mümkün hərbi qarşıdurmanın baş verib-verməyəcəyini müəyyənləşdirə biləcək əsas faktora çevrilib. Vaşinqton Tehranın nüvə proqramının tamamilə dayandırılmasında israr edir. Rəsmi Tehran isə bu tələbləri qəbul etmir və geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir: “Beləliklə, kifayət qədər mürəkkəb vəziyyət yaranıb. ABŞ Fars körfəzinə hərbi qüvvələr cəmləşdirməklə təzyiqi artırır və məqsədinə çatana qədər prosesi davam etdirəcəyini bəyan edir, hətta hərbi variantın da gündəmdə olduğunu gizlətmir. İran isə öz mövqeyində israrlıdır. Yaxın həftələrdə danışıqların nəticəsi İrana qarşı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı əsas suala aydınlıq gətirə bilər. Əgər Tehran Vaşinqtonun şərtlərini qəbul etsə, hərbi toqquşma ehtimalı azalacaq. Əks halda, qarşıdurma riski daha da artacaq və müharibə ssenarisi real xarakter ala bilər”.
E.Xalidbəylinin sözlərinə görə, müharibənin baş verməsi ilk növbədə Yaxın Şərqdə ağır hərbi-siyasi böhran yaradacaq. Regional sabitlik ciddi şəkildə pozula, genişmiqyaslı xaos yarana bilər: “Bu proses təkcə İran üçün deyil, bütün region ölkələri üçün dağıdıcı nəticələr vəd edir. Xüsusilə İrana qonşu dövlətlər üçün humanitar böhran təhlükəsi real görünür. Məhz buna görə də, region ölkələri hərbi müdaxiləyə müsbət yanaşmır və problemin siyasi-diplomatik yollarla, danışıqlar masası arxasında həllini dəstəkləyirlər. Türkiyə bu məsələdə xüsusi fəallıq nümayiş etdirir. Rəsmi Ankara dəfələrlə Vaşinqtonla məsləhətləşmələr apararaq İrana qarşı hərbi zərbələrin yolverilməz olduğunu bəyan edib. Digər qonşu ölkələr də oxşar mövqe sərgiləyərək ABŞ-İran qarşıdurmasının müharibə mərhələsinə keçməsini istəmədiklərini açıq şəkildə ifadə edirlər”. Sevinc İbrahimzadə / Metbuat.az