AZ

Masazırda onlar üçün ev tikilir - 360 nəfərə artıq verilib

Uşaq evindən ayrılan gənclərin sonrakı taleyi diqqət mərkəzində olan mövzulardandır. Bu gənclərin iş və mənzil problemlərinin necə həll olunması, dövlət tərəfindən hansı dəstək mexanizmlərinin tətbiq edilməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə, sosial adaptasiya çətinlikləri və yetərsiz nəzarət onların risk qruplarına daxil olma ehtimalını artırır. Eyni zamanda, bu proses gənclərin cəmiyyətə inteqrasiyası və gələcək perspektivləri baxımından ciddi sosial suallar doğurur.

 

Məsələni şərh edən sosioloq Hüseyn İbrahimov Demokrat.az-a deyib ki, uşaq evlərindən ayrıldıqdan sonra onların gələcək taleyi çox vaxt çətin və acınacaqlı olur.

 

"Son on il ərzində bu sahədə ölkəmizdə bir sıra problemlər yaşanıb və bir çox hallarda gənclər öz gələcəklərini necə quracaqları barədə düşünürdülər. Bu, yalnız Azərbaycana xas məsələ deyil, dünyanın bir çox ölkələrində eyni vəziyyət müşahidə olunur. Bununla belə, Azərbaycan eyni zamanda BMT-nin müvafiq konvensiyalarına qoşulub. Ölkəmizdə uşaqların gələcək taleyi ilə bağlı daxili hüquqi baza da formalaşdırılıb və bu bazadan irəli gələn bir çox maddələr artıq icra olunmaqdadır. Hazırda ölkəmizdə, xüsusən Masazırda, dövlət internat məktəblərindən çıxan, valideyn himayəsindən məhrum uşaqlar üçün mənzil və evlərin tikilməsi davam etdirilir".

 

O bildirib ki, bu kateqoriyaya aid uşaqlar artıq uşaqlıq dövrünü tamamlayaraq gənclik dövrünə qədəm qoyublar və onlar mənzillərlə təmin olunub:

 

"Qeyd etmək lazımdır ki, bu mənzillərin verilməsi kirayə prinsipi ilə olsa da, uşaqların kirayə haqqı ödənmir. Əvvəllər nəzərdə tutulurdu ki, hər mənzildə iki nəfər yaşasın. Lakin sonradan vəziyyət dəyişdirildi, gənclər artıq ailə qura bildikləri üçün hər birinə ayrıca mənzil verilməsi qərara alındı. Hazırda bu tikilən binalarda 360 mənzil istifadəyə verilib və gələcəkdə əlavə mənzillərin də tikintisi nəzərdə tutulur" .

 

Onun sözlərinə görə mənzillərin yerləşdirilməsində ənənəvi dəyərlərə və dini-etnik baxışlara da diqqət yetirilir:

 

"Qızlar və oğlanlar üçün ayrı mənzillər nəzərdə tutulub. Eyni zamanda dövlət proqramları onların bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarına adaptasiyası üçün ciddi dəstək göstərir ki, gənclər cəmiyyətə rahat inteqrasiya olunsun və özlərini tənha və kimsəsiz hiss etməsinlər. Bu baxımdan, son illərdə dövlətimizin həyata keçirdiyi sosial layihələr, xüsusən valideyn himayəsindən məhrum uşaqlar və gənclər üçün mənzil və evlərin tikilməsi, onların internatlardan çıxandan sonra həyatlarının sosial adaptasiyası və inkişafı baxımından çox mühüm və əhəmiyyətli addımlardır. Artıq bu kateqoriyadan olan gənclər dövlətin diqqətindədir və onların qayğısı, problemləri davamlı olaraq əhatə olunur".

Tarix: 27 Fevral 2026, 00:16   
Seçilən
9
1
pravda.az

2Mənbələr