AZ

Pasifizmdən hərbi aktivliyə doğru

Yaponiya yeni mərhələyə adlayır

Şərqi Asiyada geosiyasi proseslər sürətlə dəyişdiyi bir vaxtda Yaponiya uzun illər sadiq qaldığı pasifist siyasətdən tədricən uzaqlaşaraq yeni təhlükəsizlik strategiyası formalaşdırmağa başlayıb. Son seçkilərin nəticələri göstərir ki, Tokio artıq yalnız iqtisadi güc kimi yox, hərbi-siyasi aktor kimi də çıxış etməyə hazırlaşır. 2025-ci ilin sonlarında keçirilmiş növbədənkənar parlament seçkilərində hakim Liberal Demokrat Partiyası (LDP) böyük qələbə qazandı. Partiyanın lideri və Yaponiyanın Baş naziri Sanae Takaiçi seçkilərə şəxsi siyasi nüfuzunu riskə ataraq getmişdi. Nəticədə LDP parlamentin aşağı palatasında yerlərin təxminən üçdə ikisini əldə edərək konstitusion çoxluğa nail oldu. Bu nəticə hökumətə qanunvericilik təşəbbüslərini maneəsiz həyata keçirmək imkanı verdi. Analitiklər bunu son onilliklərin ən güclü siyasi mandatlarından biri hesab edirlər.

1947-ci il konstitusiyası və mübahisəli 9-cu maddə

Yaponiyanın təhlükəsizlik siyasətinin əsasını təşkil edən sənəd 1947-ci ildə qəbul olunmuş konstitusiyadır. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nəzarəti altında hazırlanmış bu sənədin məşhur 9-cu maddəsi ölkənin müharibə aparmaq hüququndan imtina etdiyinin təsbitidir. Rəsmi olaraq Yaponiya ordusu yoxdur, yalnız özünümüdafiə qüvvələri fəaliyyət göstərir. Lakin reallıqda bu qüvvələr texniki və maliyyə imkanlarına görə dünyanın ən güclü ordularından biridir. “Global Firepower” reytinqinə əsasən, Yaponiya hərbi gücünə görə dünyada 7-ci yerdə qərarlaşıb. Baş nazir Sanae Takaiçi seçki kampaniyası zamanı açıq şəkildə bəyan etmişdi ki, dəyişən təhlükəsizlik mühiti konstitusiyanın yenidən nəzərdən keçirilməsini aktuallaşdırıb. Onun planına görə, Yaponiya preventiv zərbə imkanları əldə etməli, müdafiə siyasətini daha aktiv modelə keçirməlidir.

Müdafiə xərcləri və ABŞ ilə hərbi əməkdaşlıq

Rəsmi Tokio artıq konkret addımlar atmağa başlayıb. Hökumət müdafiə xərclərini mərhələli şəkildə artıraraq 2027-ci ilə qədər ÜDM-in 2 faizi səviyyəsinə çatdırmağı planlaşdırır. NATO standartlarına uyğun bu göstərici Yaponiya üçün tarixi dəyişiklik sayılır. Yaponiya ABŞ ilə hərbi əməkdaşlığı da genişləndirir, Donald Tramp administrasiyası Tokionun təhlükəsizlik sahəsində rolunun artmasını açıq şəkildə dəstəkləyir. ABŞ-ın Yaponiyada yerləşən hərbi bazalarında artıq on minlərlə amerikalı hərbçi xidmət edir və bu bazalar Asiya-Sakit okean regionunda Vaşinqtonun əsas strateji dayaqlarından sayılır.

“Yaponiyanın CIA-i” və casusluq qanunu

Hökumətin gündəmindəki yalnız ordu məsələsi deyil. Baş nazir Takaiçi ölkədə xarici kəşfiyyat sisteminin yaradılmasını da təklif edib. Hazırda Yaponiya İkinci Dünya müharibəsindən sonra tammiqyaslı xarici kəşfiyyat strukturuna malik olmayan tək-tək inkişaf etmiş dövlətlərdən biridir. Yeni planlara əsasən, milli xarici kəşfiyyat agentliyinin yaradılması, casusluğa qarşı sərt qanunun qəbul edilməsi, xarici təsir mexanizmlərinə nəzarət sisteminin qurulması nəzərdə tutulur. Siyasi dairələrdə bu təşəbbüs qeyri-rəsmi şəkildə “Yaponiyanın CIA-i” adlandırılır.

Bununla belə, Yaponiya cəmiyyətində güclü pasifist düşüncə qalmaqdadır. İkinci Dünya müharibəsinin travmatik xatirəsi ictimai şüura hələ də təsir göstərməkdədir. Sorğulara əsasən deyə bilərik ki, əhalinin əhəmiyyətli hissəsi konstitusiyanın tam dəyişdirilməsinə ehtiyatla yanaşır. Ekspertlər hesab edirlər ki, konstitusiyanın dəyişdirilməsi üçün parlament çoxluğu kifayət etmir, referendum da tələb olunur. Bu isə hökumət üçün ən çətin mərhələ ola bilər.

Yaponiyanın hərbi aktivliyinin artması birbaşa regional təhlükəsizlik mühitinə bağlıdır. Şimali Koreyanın raket sınaqları, Çinin hərbi gücünün sürətli artımı və Tayvan ətrafında gərginlik Tokionu daha sərt siyasətə sövq edir. Hazırda ABŞ-Yaponiya-Cənubi Koreya üçtərəfli təhlükəsizlik əməkdaşlığı güclənir. Bu isə Şərqi Asiyada yeni geosiyasi bloklaşmanın formalaşdığını göstərir.

Yeni Yaponiya formalaşır

Bütün bu proseslər onu deyir ki, Yaponiya artıq iqtisadi nəhəng statusu ilə kifayətlənmək istəmir. Tokio dəyişən dünya nizamında təhlükəsizliyini başqalarının yox, öz imkanları hesabına təmin etməyə çalışır. Pasifist konstitusiyanın kölgəsində doğulmuş müasir Yaponiya indi seçim qarşısındadır: ya əvvəlki siyasi fəlsəfəni qorumaq, ya da artan təhlükələr fonunda tamhüquqlu hərbi gücə çevrilmək. Görünən odur ki, tarixdən ağır dərs almış ölkə bu dəfə təhlükəsizlik məsələsində tərəddüd etməməyə qərar verib.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr