AZ

Diplom və karyera: magistraturanın üstünlükləri ŞƏRH

Bakı, 27 fevral, AZƏRTAC

Əmək bazarında bakalavr və magistr dərəcələrinə olan fərqli tələbat ən çox müzakirə edilən mövzulardan biridir. Hər iki pillənin özünəməxsus çəkisi var və bu fərq seçilən sahədən, eləcə də karyera hədəflərindən asılı olaraq dəyişir. İş dünyasının tələbatını nəzərə alaraq təhsildə seçim artıq sadəcə “neçə il oxumaq” məsələsi deyil, həm də peşəkar mühitdə tutulan mövqe və rəqabətədavamlılıq deməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, bakalavr dərəcəsi əmək bazarına daxil olmaq üçün ilkin ixtisas göstəricisidir və bu səviyyə tələbəyə geniş nəzəri baza aşılayaraq məzunun müəyyən sahədə təməl biliklərə sahib olduğunu təsdiqləyir. Magistratura təhsili isə ümumi biliklərdən dar ixtisaslaşmaya keçidi təmin edərək məzunu ümumi mütəxəssisdən spesifik sahə üzrə ekspertə çevirir. İşəgötürənlər üçün magistr diplomu namizədin dərin bilik qatlarına və yüksək analitik qabiliyyətə malik olduğunun göstəricisidir. Xüsusilə süni intellekt, mikrobiologiya və beynəlxalq arbitraj kimi sahələrdə magistr dərəcəsi namizədi rəqiblərindən kəskin şəkildə fərqləndirir. Bu müstəvidə bakalavr məzunu investisiya olunmağa açıq kadr resursu hesab edilirsə, magistr artıq konkret dəyər yaradan mütəxəssis kimi qəbul olunur.

Ekspert qeyd edib ki, bakalavr diplomu ilə mütəxəssis kimi fəaliyyətə başlamaq asan olsa da, karyera pillələrində müəyyən nöqtədən sonra iyerarxik maneələr yaranır. Böyük korporasiyalarda, beynəlxalq təşkilatlarda və dövlət strukturlarında orta və yuxarı idarəetmə vəzifələrinə təyinat zamanı magistr dərəcəsi çox vaxt həlledici şərt kimi çıxış edir. Bu təhsil şəxsə təkcə texniki bilik deyil, həm də strateji düşünmə və tədqiqat aparma bacarığı qazandırır ki, bu da rəhbər vəzifələr üçün mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, diplomun təsiri sahədən asılı olaraq dəyişir. Texnologiya və yaradıcı sənayelərdə praktiki portfolio çox vaxt dərəcələri üstələyir. Lakin akademik və elmi tədqiqat sahələrində magistratura sadəcə üstünlük deyil, peşəkar tələb hesab olunur. “Bir sözlə, bakalavr dərəcəsi sizi işə sala bilər, amma magistr sizi idarəçiliyə hazırlayır”, – deyə ekspert vurğulayıb.

İ.Orucov əlavə edib ki, maddi tərəfdən yanaşdıqda həm beynəlxalq, həm də yerli statistika magistr dərəcəli peşəkarların başlanğıc əməkhaqqının bakalavrlarla müqayisədə orta hesabla 15-25 faiz daha yüksək olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu fərq daha da artır. İşəgötürən namizədi dərhal nəticə verə biləcək investisiya kimi qiymətləndirdiyi üçün daha yüksək maaş büdcəsi ayırmağa meyilli olur.

Ekspertin fikrincə, magistratura eyni zamanda, keyfiyyətli peşəkar əlaqələr çevrəsinin formalaşmasına şərait yaradır. Bakalavriat səviyyəsindəki ümumi sosial mühitdən fərqli olaraq, burada hədəfi dəqiq olan peşəkarlar toplanır və bu əlaqələr gələcək iş təklifləri, eləcə də ortaq layihələr üçün etibarlı platforma rolunu oynayır. Bir çox hallarda magistr dərəcəsi olan şəxslər işi elanlar vasitəsilə deyil, məhz formalaşmış peşəkar şəbəkə daxilində tapırlar.

“Bakalavr diplomu iş dünyasına daxil olmaq üçün vacib mərhələdir, magistr dərəcəsi isə həmin dünyada liderlik mövqeyinə yüksəlmək və daha yüksək gəlir əldə etmək baxımından strateji üstünlük yaradır. Əgər məqsəd icraçı mövqedən qərar qəbul edən mövqeyə keçməkdirsə, magistratura təhsili mühüm amil kimi qiymətləndirilə bilər”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.

Seçilən
8
1
azertag.az

2Mənbələr