AZ

Avropa Birliyi çalışır ki, Rusiya Ukrayna ərazisində ilişib qalsın- ÖZƏL

"Avropa Birliyi Macarıstanın etirazlarına baxmayaraq Ukraynaya 90 milyard avro həcmində kredit ayırdı. Bu məbləğ Kiyevin ayaqda qalması üçün həyatı əhəmiyyət kəsb edir. Çünki müharibə 4 ildən artıqdır davam edir və gedişat prosesin yaxın vaxtlarda yekunlaşması ehtimalını azaldır. Belə olduğu təqdirdə Ukrayna tərəfi hərbi xərclərlə paralel sosial xərcləri də qarşılamalıdır ki, ölkə daxilində siyasi balans pozulmasın. Məbləğ kifayət qədər böyükdür. Rəsmi Kiyev bir sıra strateji əhəmiyyətli  hərbi layihələri, xüsusilə, ballistik və qanadlı raket texnologiyalarını ayrılan vəsaitlə finans edə bilər". Siyasi şərhçi Pərviz Mirizadə deyib: "Hazırda Ukrayna hərbi sənayesi minimal imkanlara baxmayaraq olduqca uğurlu işlərə imza atırlar. Bir neçə gün əvvəl Rusiyanın  təxminən 1500 km  dərinliklərində yerləşən raket istehsalı zavoduna Flamenqo qanadlı raketləri ilə endirilən zərbələr gəlinən nöqtənin real mənzərəsidir. Xatırlamaq yerinə düşər ki, müharibənin ilk vaxtlarında  Kiyev  bu tip əməliyyatları həyata keçirmək üçün ABŞ-dan ATACMS kimi ballistik raketlər almağın yolların axtarırdı. İndi isə bu imkan məhz yerli sənayenin gücünə təmin olunur. Təbii ki, görünən uğurları davam etdirmək lazımdır və maliyyə vəsaiti burada kilid rola malikdir.
Ukraynanın ayaqda qalması və Rusiyanı zəiflətməsi Kremli potensial təhdid kimi qəbul edən ölkələr üçün vacibdir. Bu səbəbdən Avropa Birliyi maksimum çalışır ki, Rusiya Ukrayna ərazisində ilişib qalsın və onlarda öz növbəsində Birləşmiş Ştatların təhlükəsizlik çətini daxili imkanlarla əvəz edə bilsinlər. Yəni, Kiyev bacardığı qədər Qoca qitəyə vaxt qazandırsın. 
Artıq Avropa ölkələri silahlanma istiqamətində ciddi addımlar atırlar. Xüsusilə, Almaniya bu prosesdə fərqlənir. Berlin qarşıdakı 10 il ərzində ordunu modernləşdirmək və yeni texnologiyalarla təchiz etmək üçün 1 trilyon vəsait xərcləyəcək. Bununla paralel Polşa tərəfi də öz imkanlarını maksimum genişləndirir.
 Avropada artan hərbiləşmə heç şübhəsiz ki, Rusiyanı qıcıqlandırır. Rusiya rəsmiləri mövcud tendensiya fonunda tez-tez nüvə kartını gündəmə gətirir. Çünki başqa bir alternativ yoxdur. Birləşmiş Ştatların sanksiyaları Rusiya iqtisadiyyatını iflic vəziyyətə salıb. Bununla paralel Elon Muskın Rusiya üçün özünün starlink peyklərini söndürməsi işğalçı ordunun işini xeyli çətinləşdirib. Öz növbəsində Ukrayna ordusu yaranmış vəziyyəti məharətlə fürsətə çevirir və  ruslara sarsıdıcı zərbələr endirirlər. 
Təbii ki, mövcud situasiya Rusiyanı məcbur edir ki, Birləşmiş Ştatlarla masaya əyləşsin və sərvətlərini onların üzünə açsın. Düzdür bu məsələ hər hansı bir rəsmiyyət qazanmayıb. Lakin dinamika məhz bu istiqamətə doğru yuvarlanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr